AzərbaycancaMəmmədəliyev – Bünyadov
(İnsanları–Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) və’dinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı mö’minlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: “Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə e’tiqad etdiyini) daha yaxşı bilir!” Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (mö’minlər) isə: “Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!” – dedilər.
AzərbaycancaAlıxan Musayev
Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: “Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!”– dedilər. Mübahisədə üstün gələnlər isə: “Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!”– dedilər.