يسٓ ١
Ya, Sin!
Ya. Sin.
يسٓ ١
Ya, Sin!
Ya. Sin.
وَٱلْقُرْءَانِ ٱلْحَكِيمِ ٢
(Ya Rəsulum!) Hikmətlə dolu Qur’ana and olsun ki,
And olsun hikmətli Qurana!
إِنَّكَ لَمِنَ ٱلْمُرْسَلِينَ ٣
Sən, həqiqətən, (Allah tərəfindən göndərilmiş, şəriət sahibi olan) peyğəmbərlərdənsən!
Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
عَلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ ٤
Düz yoldasan! (Doğru yol üzrə göndərilən peyğəmbərlərdənsən. Allahın əsl tövhid dini olan islam dinindənsən. Bu yolu tutub gedən haqqa yetişər).
doğru yoldasan.
تَنزِيلَ ٱلْعَزِيزِ ٱلرَّحِيمِ ٥
Bu Qur’an (mülkündə) yenilməz qüvvət sahibi, (bəndələrinə) mərhəmətli olan (Allah) tərəfindən nazil edilmişdir ki,
Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki,
لِتُنذِرَ قَوْمًا مَّآ أُنذِرَ ءَابَآؤُهُمْ فَهُمْ غَٰفِلُونَ ٦
(Onunla Cahiliyyət dövründə) ataları (Allahın əzabı ilə) qorxudulmamış və (Allahın hökmlərindən, imandan, tövhiddən) qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!
ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.
لَقَدْ حَقَّ ٱلْقَوْلُ عَلَىٰٓ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ ٧
And olsun ki, onların əksəriyyəti barəsində o söz (əzəldən buyurduğumuz əzab hökmü) gerçək olmuşdur, çünki onlar (Allaha və Peyğəmbərinə) iman gətirməzlər. (Biz onların iman gətirməyəcəklərini Öz əzəli elmimizlə bilib lövhi-məhfuzda təsbit etmişik).
Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.
إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَٰقِهِمْ أَغْلَٰلًا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ ٨
Biz onların boyunlarına dəmir həlqələr (zəncir) keçirtmişik. (O həlqələr) onların lap çənələrinə dirənmişdir. Buna görə də başları yuxarı qalxmış, gözləri aşağı dikilmişdir. (Kafirlərin əlləri zəncirlə boyunlarına bağlandığı üçün başlarını yuxarı qaldırmağa, gözlərini də aşağı dikməyə məcbur olmuşlar. Onlar boyunlarını bir tərəfə döndərmək, əllərini sağa-sola tərpətmək, ətrafa nəzər salmaq, hətta ayaqlarının altını görmək iqtidarında belə deyillər. Beləliklə, kafirlər nə haqqı görər, nə də ona boyun əyərlər).
Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır.
وَجَعَلْنَا مِنۢ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَٰهُمْ فَهُمْ لَا يُبْصِرُونَ ٩
Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mə’nən kordurlar).
Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər.
وَسَوَآءٌ عَلَيْهِمْ ءَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ ١٠
(Ya Peyğəmbər!) Sən onları qorxutsan da, qorxutmasan da, onlar çün birdir: iman gətirməzlər!
Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكْرَ وَخَشِىَ ٱلرَّحْمَٰنَ بِٱلْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ ١١
Sən ancaq Qur’ana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (Cənnətə) nail olacağı ilə müjdə ver!
Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
إِنَّا نَحْنُ نُحْىِ ٱلْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا۟ وَءَاثَٰرَهُمْ ۚ وَكُلَّ شَىْءٍ أَحْصَيْنَٰهُ فِىٓ إِمَامٍ مُّبِينٍ ١٢
Həqiqətən, ölüləri dirildən, onların (dünyada) nə etmiş olduqlarını və qoyub getdiklərini yazan Bizik. Biz hər şeyi hesaba alıb açıq-aydın Kitabda (lövhi-məhfuzda) təsbit etmişik.
Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
وَٱضْرِبْ لَهُم مَّثَلًا أَصْحَٰبَ ٱلْقَرْيَةِ إِذْ جَآءَهَا ٱلْمُرْسَلُونَ ١٣
(Ya Peyğəmbər!) Sən onlara o şəhər əhlini (antakiyalıları) misal çək! O zaman ki, onlara elçilər gəlmişdi.
Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
إِذْ أَرْسَلْنَآ إِلَيْهِمُ ٱثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوٓا۟ إِنَّآ إِلَيْكُم مُّرْسَلُونَ ١٤
O zaman onlara iki elçi göndərmişdik, amma onlar ikisini də təkzib etmişdilər. Biz də (o iki elçini) üçüncüsü ilə qüvvətləndirmişdik. Onlar dedilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik!”
O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.
قَالُوا۟ مَآ أَنتُمْ إِلَّا بَشَرٌ مِّثْلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحْمَٰنُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا تَكْذِبُونَ ١٥
(Antakiyalılar:) “Siz də bizim kimi ancaq adi bir insansınız. (Heç bir şeydə bizdən üstün deyilsiniz. Əgər peyğəmbər olsaydınız, mələk qiyafəsində gələrdiniz). Rəhman (sizə) heç bir şey (kitab, mö’cüzə) nazil etməmişdir. Siz sadəcə olaraq yalan danışırsınız!” – dedilər.
Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
قَالُوا۟ رَبُّنَا يَعْلَمُ إِنَّآ إِلَيْكُمْ لَمُرْسَلُونَ ١٦
(Elçilər) dedilər: “Rəbbimiz bizim, doğrudan da, sizə göndərilmiş elçilər olduğumuzu bilir.
Elçilər dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
وَمَا عَلَيْنَآ إِلَّا ٱلْبَلَٰغُ ٱلْمُبِينُ ١٧
Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ etməkdir!”
Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”.
قَالُوٓا۟ إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِن لَّمْ تَنتَهُوا۟ لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٌ ١٨
(Antakiyalılar) dedilər: “Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.
Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
قَالُوا۟ طَٰٓئِرُكُم مَّعَكُمْ ۚ أَئِن ذُكِّرْتُم ۚ بَلْ أَنتُمْ قَوْمٌ مُّسْرِفُونَ ١٩
(Elçilər) dedilər: “Sizin nəhsliyiniz (uğursuzluğunuz) öz ucbatınızdandır (öz küfrünüz üzündəndir). Məgər sizə öyüd-nəsihət verildikdə (onu uğursuzluğa, nəhsliyəmi yozursunuz)! Xeyr, siz (günah etməkdə) həddi aşan bir camaatsınız!”
Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
وَجَآءَ مِنْ أَقْصَا ٱلْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَٰقَوْمِ ٱتَّبِعُوا۟ ٱلْمُرْسَلِينَ ٢٠
Şəhərin (Antakiyanın) ən ucqar tərəfindən (abid) bir kişi (Həbib Həccar) çaparaq gəlib dedi: “Ey qövmüm! Elçilərə tabe olun!
Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!
ٱتَّبِعُوا۟ مَن لَّا يَسْـَٔلُكُمْ أَجْرًا وَهُم مُّهْتَدُونَ ٢١
Sizdən (haqqa də’vət müqabilində) heç bir muzd (mükafat) istəməyən və özləri də doğru yolda olan kəslərin ardınca gedin!
Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
وَمَا لِىَ لَآ أَعْبُدُ ٱلَّذِى فَطَرَنِى وَإِلَيْهِ تُرْجَعُونَ ٢٢
(Antakiyalılar Həbib Həccardan: – Sən bu elçilərə tabe olmusanmı? – deyə soruşduqda o dedi:) “Axı mən niyə məni yaradana ibadət etməməliyəm?! Siz də (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!
Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?
ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدْنِ ٱلرَّحْمَٰنُ بِضُرٍّ لَّا تُغْنِ عَنِّى شَفَٰعَتُهُمْ شَيْـًٔا وَلَا يُنقِذُونِ ٢٣
Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni (Allahın əzabından) xilas edə bilməzlər.
Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
إِنِّىٓ إِذًا لَّفِى ضَلَٰلٍ مُّبِينٍ ٢٤
Belə olacağı təqdirdə mən (haqq yoldan) açıq-aşkar azmış olaram.
Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.
إِنِّىٓ ءَامَنتُ بِرَبِّكُمْ فَٱسْمَعُونِ ٢٥
(Ey Antakiya əhli, yaxud siz ey elçilər!) Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşitdin! (İman gətirməyimə şahid olun!)”
Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
قِيلَ ٱدْخُلِ ٱلْجَنَّةَ ۖ قَالَ يَٰلَيْتَ قَوْمِى يَعْلَمُونَ ٢٦
(Antakiyalılar bu sözü eşidən kimi Həbib Həccarı daşqalaq edib öldürdülər). Ona (şəhid olduğu üçün Allah dərgahından): “Cənnətə daxil ol! – deyildi. (Həbib Həccar Cənnətə daxil olub oradakı ne’mətləri, hörmət-izzəti gördükdən sonra) dedi: “Kaş qövmüm biləydi ki,
Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
بِمَا غَفَرَ لِى رَبِّى وَجَعَلَنِى مِنَ ٱلْمُكْرَمِينَ ٢٧
Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”
Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
۞ وَمَآ أَنزَلْنَا عَلَىٰ قَوْمِهِۦ مِنۢ بَعْدِهِۦ مِن جُندٍ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ ٢٨
Ondan (Həbib Həccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
إِن كَانَتْ إِلَّا صَيْحَةً وَٰحِدَةً فَإِذَا هُمْ خَٰمِدُونَ ٢٩
(Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs (Cəbrailin qışqırtısı) oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.
Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.
يَٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ٣٠
Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlməz ki, ona istehza etməsinlər! (Buna görə də əzaba düçar olarlar).
Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.
أَلَمْ يَرَوْا۟ كَمْ أَهْلَكْنَا قَبْلَهُم مِّنَ ٱلْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ ٣١
Məgər onlar (Məkkə müşrikləri) özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və həmin nəsillərin bir daha onların yanına qayıtmadığını görmürlərmi?
Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?
وَإِن كُلٌّ لَّمَّا جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ ٣٢
Hamı, (bəlli) hamı (qiyamət günü) Bizim hüzurumuza gətiriləcəkdir!
Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.
وَءَايَةٌ لَّهُمُ ٱلْأَرْضُ ٱلْمَيْتَةُ أَحْيَيْنَٰهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ ٣٣
Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər.
Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
وَجَعَلْنَا فِيهَا جَنَّٰتٍ مِّن نَّخِيلٍ وَأَعْنَٰبٍ وَفَجَّرْنَا فِيهَا مِنَ ٱلْعُيُونِ ٣٤
Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki,
Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
لِيَأْكُلُوا۟ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ ٣٥
Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?
onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
سُبْحَٰنَ ٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ ٣٦
Yerin yetişdirdiklərindən, onların (insanların) özlərindən və bilmədiklərindən (erkək və dişi olmaqla) cütlər yaradan Allah pakdır, müqəddəsdir! (Eyibsiz və nöqsansızdır!)
Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir.
وَءَايَةٌ لَّهُمُ ٱلَّيْلُ نَسْلَخُ مِنْهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظْلِمُونَ ٣٧
Gecə də onlar üçün (qüdrətimizə) bir dəlildir. Biz gündüzü ondan sıyırıb çıxardan kimi onlar zülmət içində olarlar.
Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
وَٱلشَّمْسُ تَجْرِى لِمُسْتَقَرٍّ لَّهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ ٱلْعَزِيزِ ٱلْعَلِيمِ ٣٨
Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edən. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür.
وَٱلْقَمَرَ قَدَّرْنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلْعُرْجُونِ ٱلْقَدِيمِ ٣٩
Biz ay üçün mənzillər müəyyən etdik. Nəhayət, o (həmin mənzilləri başa vurduqdan sonra) dönüb xurma ağacının qurumuş əyri budağı kimi (hilal şəklində) olar.
Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur.
لَا ٱلشَّمْسُ يَنۢبَغِى لَهَآ أَن تُدْرِكَ ٱلْقَمَرَ وَلَا ٱلَّيْلُ سَابِقُ ٱلنَّهَارِ ۚ وَكُلٌّ فِى فَلَكٍ يَسْبَحُونَ ٤٠
Nə günəş aya çatar (yetişər), nə də gecə gündüzü ötə bilər. (Günəş, ay və ulduzların) hər biri (özünə məxsus) bir göydə (öz hədəqəsində, öz dairəsində) üzər.
Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir.
وَءَايَةٌ لَّهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِى ٱلْفُلْكِ ٱلْمَشْحُونِ ٤١
Övladlarını (yaxud Nuhun tufanı vaxtı ulu babalarını müxtəlif yüklərlə) dolu gəmiyə mindirməyimiz (sonra dənizdə istədikləri yerə getmələri) də onlar üçün (qüdrətimizə) bir dəlildir.
Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
وَخَلَقْنَا لَهُم مِّن مِّثْلِهِۦ مَا يَرْكَبُونَ ٤٢
Onlar üçün bunun kimi (başqa) minik vasitələri də yaratdıq.
Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq.
وَإِن نَّشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنقَذُونَ ٤٣
Əgər istəsək, onları suya qərq edərik. Nə bir dadlarına çatan olar, nə də nicat taparlar.
Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
إِلَّا رَحْمَةً مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٍ ٤٤
Yalnız Bizdən bir mərhəmət olaraq və bir qədər (əcəlləri çatanadək) dolanıb keçinmələri üçün (onları xilas edərik).
Yalnız Bizim onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُوا۟ مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ ٤٥
Onlara (müşriklərə): “Önünüzdə və arxanızda olandan (dünya və axirət əzabından) qorxun ki, bəlkə, rəhm olunasınız!” – deyildikdə (dönüb gedər, öyüd-nəsihətə qulaq asmazlar).
Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə üz çevirirlər.
وَمَا تَأْتِيهِم مِّنْ ءَايَةٍ مِّنْ ءَايَٰتِ رَبِّهِمْ إِلَّا كَانُوا۟ عَنْهَا مُعْرِضِينَ ٤٦
Onlara Rəbbinin ayələrindən elə birisi gəlməz ki, ondan üz çevirməsinlər!
Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
وَإِذَا قِيلَ لَهُمْ أَنفِقُوا۟ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِلَّذِينَ ءَامَنُوٓا۟ أَنُطْعِمُ مَن لَّوْ يَشَآءُ ٱللَّهُ أَطْعَمَهُۥٓ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍ مُّبِينٍ ٤٧
Onlara: “Allahın sizə verdiyi ruzidən (ehtiyacı olanlara) sərf edin!” – deyildiyi zaman, kafirlər mö’minlərə: “Allahın istədiyi təqdirdə özü yedirə biləcəyi kimsəni bizmi yedirdəcəyik?!” – deyərlər. Siz (bu e’tiqadınızla) sadəcə olaraq (haqq yoldan) açıq-aşkar azmısınız.
Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ٤٨
Onlar: “Əgər doğru söyləyirsinizsə, (bir xəbər verin görək) bu və’d (qiyamət günü) nə vaxt yerinə yetəcək?” – deyərlər.
Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar.
مَا يَنظُرُونَ إِلَّا صَيْحَةً وَٰحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ ٤٩
Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər.
Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَآ إِلَىٰٓ أَهْلِهِمْ يَرْجِعُونَ ٥٠
Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər!
Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.
وَنُفِخَ فِى ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنسِلُونَ ٥١
Sur (ikinci dəfə) çalınan kimi (qiyamət günü) qəbirlərindən qalxıb sür’ətlə Rəbbinin hüzuruna axışacaqlar.
Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.
قَالُوا۟ يَٰوَيْلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحْمَٰنُ وَصَدَقَ ٱلْمُرْسَلُونَ ٥٢
Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək:) “Bu, Rəhmanın məxluqata buyurduğu və’ddir (qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!”
Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.
إِن كَانَتْ إِلَّا صَيْحَةً وَٰحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَّدَيْنَا مُحْضَرُونَ ٥٣
Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar.
Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
فَٱلْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْـًٔا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنتُمْ تَعْمَلُونَ ٥٤
Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!
Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
إِنَّ أَصْحَٰبَ ٱلْجَنَّةِ ٱلْيَوْمَ فِى شُغُلٍ فَٰكِهُونَ ٥٥
Cənnət əhli bu gün keflə (əyləncə ilə) məşğuldur.
Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək.
هُمْ وَأَزْوَٰجُهُمْ فِى ظِلَٰلٍ عَلَى ٱلْأَرَآئِكِ مُتَّكِـُٔونَ ٥٦
Onlar (mö’min kişilər) və zövcələri kölgəliklərdə (yumşaq) taxtlara söykənmişlər.
Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
لَهُمْ فِيهَا فَٰكِهَةٌ وَلَهُم مَّا يَدَّعُونَ ٥٧
Orada onlar üçün (hər cür) meyvə və istədikləri hər şey vardır.
Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
سَلَٰمٌ قَوْلًا مِّن رَّبٍّ رَّحِيمٍ ٥٨
Rəhmli Rəbbdən (onlara) “salam” deyiləcəkdir.
Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.
وَٱمْتَٰزُوا۟ ٱلْيَوْمَ أَيُّهَا ٱلْمُجْرِمُونَ ٥٩
(Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək:) “Ey günahkarlar! Bu gün (mö’minlərdən) ayrılın!”
“Bu gün möminlərdən ayrılın, ey günahkarlar!
۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَٰبَنِىٓ ءَادَمَ أَن لَّا تَعْبُدُوا۟ ٱلشَّيْطَٰنَ ۖ إِنَّهُۥ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ٦٠
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,
وَأَنِ ٱعْبُدُونِى ۚ هَٰذَا صِرَٰطٌ مُّسْتَقِيمٌ ٦١
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Mənə ibadət edin? Doğru yol budur!
وَلَقَدْ أَضَلَّ مِنكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا۟ تَعْقِلُونَ ٦٢
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?
Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى كُنتُمْ تُوعَدُونَ ٦٣
Bu sizə və’d olunan Cəhənnəmdir!
Bu sizə vəd edilmiş Cəhənnəmdir.
ٱصْلَوْهَا ٱلْيَوْمَ بِمَا كُنتُمْ تَكْفُرُونَ ٦٤
Kafir olduğunuza görə bu gün girin ora, yanın!
Kafir olduğunuza görə bu gün orada yanın!”
ٱلْيَوْمَ نَخْتِمُ عَلَىٰٓ أَفْوَٰهِهِمْ وَتُكَلِّمُنَآ أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ ٦٥
Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik – dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verər.
Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
وَلَوْ نَشَآءُ لَطَمَسْنَا عَلَىٰٓ أَعْيُنِهِمْ فَٱسْتَبَقُوا۟ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبْصِرُونَ ٦٦
Əgər istəsəydik, (dünyada) gözlərini büsbütün kor edərdik (onları zahiri gözdən də məhrum edərdik) və onda onlar (adət etdikləri) yolda bir-birini ötməyə çalışardılar (və ya doğru yolu tapmaq üçün bir-biri ilə ötüşərdilər, ora-bura vurnuxardılar). Amma (belə bir vəziyyətdə yolu) necə görə bilərdilər? (Lakin Biz onları dünyada belə bir korluğa mübtəla etmədik. Onlar Allahın qüdrət əlamətlərini görür, bununla belə öz pis yollarını tutub gedirdilər. Beləliklə, onlar iman gətirmədilər ki, gətirmədilər).
Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
وَلَوْ نَشَآءُ لَمَسَخْنَٰهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا ٱسْتَطَٰعُوا۟ مُضِيًّا وَلَا يَرْجِعُونَ ٦٧
Əgər istəsəydik, onları lap yerlərindəcə elə bir kökə (elə bir şəklə) salardıq ki, nə irəli, nə də geri gedə bilərdilər. (Kafirləri topal edər, meymuna, donuza, daşa döndərərdik. Və ya onları evlərinin içində həlak edərdik, heç tərpənə də bilməzdilər).
Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
وَمَن نُّعَمِّرْهُ نُنَكِّسْهُ فِى ٱلْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ ٦٨
Hər kəsə uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, başqa şəklə salarıq (qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədib bildiklərini unutdurar, özünü də uşaq kimi edərik). Məgər (kafirlər bütün bunları gördükdən sonra Allahın hər şeyə qadir olduğunu) dərk etməzlərmi?
Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?
وَمَا عَلَّمْنَٰهُ ٱلشِّعْرَ وَمَا يَنۢبَغِى لَهُۥٓ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْءَانٌ مُّبِينٌ ٦٩
Biz ona (Muhəmməd əleyhissəlama) şe’r öyrətmədik və bu ona heç yaraşmaz da (lazım da deyildir). Ona vəhy olunan ancaq öyüd-nəsihət və (haqla batili ayırd edən) açıq-aşkar Qur’andır ki,
Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,
لِّيُنذِرَ مَن كَانَ حَيًّا وَيَحِقَّ ٱلْقَوْلُ عَلَى ٱلْكَٰفِرِينَ ٧٠
Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun və o deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun.
diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
أَوَلَمْ يَرَوْا۟ أَنَّا خَلَقْنَا لَهُم مِّمَّا عَمِلَتْ أَيْدِينَآ أَنْعَٰمًا فَهُمْ لَهَا مَٰلِكُونَ ٧١
Məgər (Məkkə müşrikləri) Bizim Öz əllərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?!
Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
وَذَلَّلْنَٰهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ ٧٢
Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də.
Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.
وَلَهُمْ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ ٧٣
Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?
Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?
وَٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ ءَالِهَةً لَّعَلَّهُمْ يُنصَرُونَ ٧٤
(Müşriklər) bəlkə, özlərinə bir yardım oluna deyə, Allahdan başqa tanrılar (bütlər) qəbul etdilər.
Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.
لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُندٌ مُّحْضَرُونَ ٧٥
(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün (onları başqalarından qoruyan) hazır əsgərlərdir.
Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
فَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ٧٦
(Ya Rəsulum!) Onların (sən peyğəmbər deyilsən, şairsən) sözü səni kədərləndirməsin. Biz onların gizlində də, aşkarda da nə etdiklərini bilirik.
Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.
أَوَلَمْ يَرَ ٱلْإِنسَٰنُ أَنَّا خَلَقْنَٰهُ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ ٧٧
Məgər insan (As ibn Vail, yaxud Übeyy ibn Xələf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilərək,
Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.
وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِىَ خَلْقَهُۥ ۖ قَالَ مَن يُحْىِ ٱلْعِظَٰمَ وَهِىَ رَمِيمٌ ٧٨
Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi.
O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ ٧٩
(Ya Peyğəmbər!) De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!
De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
ٱلَّذِى جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلْأَخْضَرِ نَارًا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ ٨٠
O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda bitən mərx və ifar ağaclarından) od əmələ gətirdi. Budur, siz indi ondan (o iki ağacı bir-birinə sürtməklə) od yandırırsınız”.
O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.
أَوَلَيْسَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ ٱلْخَلَّٰقُ ٱلْعَلِيمُ ٨١
Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimisini yaratmağa qadir deyilmi?! Əlbəttə (qadirdir). (Hər şeyi) yaradan, (hər şeyi) bilən Odur!
Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.
إِنَّمَآ أَمْرُهُۥٓ إِذَآ أَرَادَ شَيْـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ ٨٢
Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona ancaq: “Ol!” deməkdir. O da dərhal olar.
Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
فَسُبْحَٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ ٨٣
Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!
Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.