الٓمٓ ١
Əlif, Lam, Mim!
Əlif. Ləm. Mim.
الٓمٓ ١
Əlif, Lam, Mim!
Əlif. Ləm. Mim.
غُلِبَتِ ٱلرُّومُ ٢
Rumlular (bizanslılar iranlılarla) məğlub oldular.
Rumlular məğlub edildilər;
فِىٓ أَدْنَى ٱلْأَرْضِ وَهُم مِّنۢ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ ٣
(Ərəbistana) ən yaxın bir yerdə (Şamda və ya Urdunda). Lakin onlar (bu) məğlubiyyətlərindən sonra qalib gələcəklər.
ən aşağı (və ya ən yaxın) bir yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə çalacaqlar;
فِى بِضْعِ سِنِينَ ۗ لِلَّهِ ٱلْأَمْرُ مِن قَبْلُ وَمِنۢ بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ ٱلْمُؤْمِنُونَ ٤
Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allahındır. O gün mö’minlər sevinəcəklər;
bir neçə il ərzində. Əvvəl də, sonra da hökm Allahındır. O gün möminlər sevinəcəklər;
بِنَصْرِ ٱللَّهِ ۚ يَنصُرُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ٥
Allahın köməyi ilə. (Allah) istədiyinə kömək edər. O, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!
Allahın köməyi ilə. O, istədiyinə kömək edir. O, Qüdrətlidir, Rəhmlidir.
وَعْدَ ٱللَّهِ ۖ لَا يُخْلِفُ ٱللَّهُ وَعْدَهُۥ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ٦
(Bu zəfəri Kitab əhlinə) Allah və’d etdi. Allah Öz və’dinə xilaf çıxmaz. Lakin insanların çoxu (müşriklər bunu) bilməzlər!
Budur Allahın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bunu bilmir.
يَعْلَمُونَ ظَٰهِرًا مِّنَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ عَنِ ٱلْءَاخِرَةِ هُمْ غَٰفِلُونَ ٧
Onlar dünya həyatının zahirini (ticarət və əkinçilik işlərini, məişət məsələlərini) bilirlər, axirətdən isə xəbərsizdirlər.
Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.
أَوَلَمْ يَتَفَكَّرُوا۟ فِىٓ أَنفُسِهِم ۗ مَّا خَلَقَ ٱللَّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَآ إِلَّا بِٱلْحَقِّ وَأَجَلٍ مُّسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلنَّاسِ بِلِقَآئِ رَبِّهِمْ لَكَٰفِرُونَ ٨
Məgər onlar öz-özlüklərində Allahın göyləri, yeri və onların arasındakıları ancaq haqq-ədalətlə və müəyyən bir müddət üçün yaratdığını düşünmürlərmi? Həqiqətən, insanların çoxu Rəbbi ilə qarşılaşacağını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağını) inkar edir.
Məgər onlar özlüyündə fikirləşmirlər ki, Allah göyləri, yeri və onların arasındakıları ancaq bir gerçəklik kimi və müəyyən müddətə qədər yaratmışdır? Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir.
أَوَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ كَانُوٓا۟ أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا۟ ٱلْأَرْضَ وَعَمَرُوهَآ أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ٩
Məgər onlar yer üzünü gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar (Ad, Səmud tayfaları) bunlardan daha qüvvətli idilər. Onlar (əkinçilik məqsədilə) torpağı qazıb altını üstünə çevirmiş və yer üzünü bunlardan daha çox adab etmişdilər. Peyğəmbərləri onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər. Allah onlara zülm etmirdi, onlar özləri özlərinə zülm edirdilər.
Məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən öncəkilərin aqibətini görmədilərmi? Onlar bunlardan da güclü idilər. Onlar torpağı şumlayır, yer üzünü bunlardan daha çox abadlaşdırırdılar. Elçiləri onlara açıq-aydın möcüzələr gətirirdilər. Onlara Allah zülm etmirdi. Onlar özləri özlərinə zülm etmişdilər.
ثُمَّ كَانَ عَٰقِبَةَ ٱلَّذِينَ أَسَٰٓـُٔوا۟ ٱلسُّوٓأَىٰٓ أَن كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ وَكَانُوا۟ بِهَا يَسْتَهْزِءُونَ ١٠
Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!
Sonra isə Allahın ayələrini yalan sayıb onlara lağlağı etməklə pislik göstərənlərin nəsibi lap yaman oldu.
ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ ١١
Allah məxluqatı əvvəlcə (yoxdan) yaradır, (öləndən) sonra yenidən dirildir. Sonra da siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız.
Allah məxluqatı əvvəlcə heçdən yaradır, öldürdükdən sonra onu yenidən dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız.
وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُبْلِسُ ٱلْمُجْرِمُونَ ١٢
Qiyamət qopacağı gün günahkarlar mat-məətəl qalacaqlar. (Özlərini təmizə çıxarmaq üçün heç bir dəlil, sübut gətirə bilməyəcəklər).
O Saatın gələcəyi gün günahkarlar ümidlərini itirəcəklər.
وَلَمْ يَكُن لَّهُم مِّن شُرَكَآئِهِمْ شُفَعَٰٓؤُا۟ وَكَانُوا۟ بِشُرَكَآئِهِمْ كَٰفِرِينَ ١٣
(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər.
Allaha qoşduqları şəriklərindən onlar üçün şəfaətçilər olmayacaq. Şərikləri onları inkar edəcəklər.
وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ ١٤
Qiyamət qopacağı gün – məhz o gün (mö’minlərlə kafirlər bir-birindən) ayrılacaqlar.
Məhz o Saatın gələcəyi gün möminlərlə kafirlər ayrılacaqlar.
فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَهُمْ فِى رَوْضَةٍ يُحْبَرُونَ ١٥
İman gətirib yaxşı işlər görənlər cənnət bağçalarının birində sevinc içində qalacaqlar.
İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar.
وَأَمَّا ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَلِقَآئِ ٱلْءَاخِرَةِ فَأُو۟لَٰٓئِكَ فِى ٱلْعَذَابِ مُحْضَرُونَ ١٦
Kafir olub ayələrimizi və axirətə qovuşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün hüzurumuzda duracaqlarını) inkar edənlər isə əzab verilmək üçün hazırlanacaqlar (gətiriləcəklər).
Kafir olub ayələrimizi və axirətə düşəcəklərini yalan sayanlar isə əzaba giriftar ediləcəklər.
فَسُبْحَٰنَ ٱللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ ١٧
Elə isə axşam-səhər (axşama yetişəndə, səhərə çıxanda) Allahı təqdis edib şə’ninə tə’riflər deyin! (Axşam, gecə və sübh namazlarını qılın!)
Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin.
وَلَهُ ٱلْحَمْدُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ ١٨
Göylərdə və yerdə həmd (şükür və tə’rif) yalnız Ona məxsusdur. Gün batanda da (günün sonuna yetişəndə də), gündüz də Onu təqdis edib şə’ninə tə’riflər deyin! (İkindi və günorta namazlarını qılın!)
Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də Onun şərəfinə təriflər deyin!
يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَيُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ ١٩
(Allah) ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı dirildir. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız.
O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız.
وَمِنْ ءَايَٰتِهِۦٓ أَنْ خَلَقَكُم مِّن تُرَابٍ ثُمَّ إِذَآ أَنتُم بَشَرٌ تَنتَشِرُونَ ٢٠
Sizi (atanız Adəmi) torpaqdan yaratması, sonra da sizin (hərənizin) bir insan olub yer üzünə yayılmağınız Onun qüdrət əlamətlərindəndir.
Allahın sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız.
وَمِنْ ءَايَٰتِهِۦٓ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًا لِّتَسْكُنُوٓا۟ إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ ٢١
Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!
Ünsiyyətdə rahatlıq tapasınız deyə, sizin üçün özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması da Onun dəlillərindəndir. Həqiqətən, bunda düşünənlər üçün ibrətamiz dəlillər vardır.
وَمِنْ ءَايَٰتِهِۦ خَلْقُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَٱخْتِلَٰفُ أَلْسِنَتِكُمْ وَأَلْوَٰنِكُمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّلْعَٰلِمِينَ ٢٢
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!
Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!
وَمِنْ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيْلِ وَٱلنَّهَارِ وَٱبْتِغَآؤُكُم مِّن فَضْلِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّقَوْمٍ يَسْمَعُونَ ٢٣
Gecə və gündüz yatıb dincəlməyiniz (gecə istirahət etməyiniz, gündüz əlləşib çalışmağınız), ne’mətindən ruzi (qismətinizi) axtarmanız da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, (öyüd-nəsihət) eşidənlər üçün bunda ibrətlər vardır!
Gecə və gündüz yatıb dincəlməyiniz, Onun lütfünü axtarmağınız da Onun dəlillərindəndir. Həqiqətən, bunda eşidən kəslər üçün ibrətamiz dəlillər vardır.
وَمِنْ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءً فَيُحْىِۦ بِهِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّقَوْمٍ يَعْقِلُونَ ٢٤
Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmasına ümid bəslədiyiniz) ildırımı göstərməsi, göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağılla düşünən bir qövm üçün ibrətlər vardır.
Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən adamlar üçün ibrətamiz dəlillər vardır.
وَمِنْ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ بِأَمْرِهِۦ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِّنَ ٱلْأَرْضِ إِذَآ أَنتُمْ تَخْرُجُونَ ٢٥
Göyün və yerin Onun əmrində durması, sonra sizi bircə dəfə (İsrafilin suru bir dəfə üfürməsi ilə) çağıran kimi dərhal yerdən (qəbirlərinizdən dirilib) çıxmağınız da Onun qüdrət əlamətlərindəndir.
Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.
وَلَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ كُلٌّ لَّهُۥ قَٰنِتُونَ ٢٦
Göylərdə və yerdə kim (nə) varsa, Onundur. (Mələklər, cinlər və insanlar Allahın bəndələridir). Hamısı Ona boyun əyər!
Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir.
وَهُوَ ٱلَّذِى يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ ٱلْمَثَلُ ٱلْأَعْلَىٰ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ٢٧
Məxluqatı əvvəlcə yoxdan var edən, sonra da (qiyamət günü) yenidən dirildəcək Odur. Bu (iş) Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən yüksək sifət (Allahdan başqa heç bir tanrı olmaması, vəhdaniyyət sifəti) yalnız Ona məxsusdur. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Allahın sifətləri nə göydəkilərin, nə də yerdəkilərin sifətlərinə bənzəyər. Allah onların hamısından ucadır).
Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir.
ضَرَبَ لَكُم مَّثَلًا مِّنْ أَنفُسِكُمْ ۖ هَل لَّكُم مِّن مَّا مَلَكَتْ أَيْمَٰنُكُم مِّن شُرَكَآءَ فِى مَا رَزَقْنَٰكُمْ فَأَنتُمْ فِيهِ سَوَآءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍ يَعْقِلُونَ ٢٨
(Allah) sizə özünüzdən bir məsəl çəkər. Sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaq olan, özünüzdən (özünüz kimi azad adamların haqqına toxunmaqdan) çəkindiyiniz kimi, o kölələrdən də çəkindiyiniz şərikləriniz varmı? (Siz buna razı olarsınızmı? Əlbəttə, yox! Elə isə bəs Allaha Öz aciz bəndələrini, bütləri şərik qoşmağa necə razı olursunuz?) Biz ayələri ağılla düşünən bir qövm üçün belə ətraflı izah edirik.
O sizə özünüzdən bir məsəl çəkdi; sahib olduğunuz kölələr içərisində sizə verdiyimiz nemətlərdə sizinlə bərabər eyni hüquqa malik olan, özünüzdən çəkindiyiniz kimi, onlardan da çəkindiyiniz şərikləriniz varmı? Biz ayələri düşünüb daşınan insanlar üçün belə müfəssəl izah edirik.
بَلِ ٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَهْوَآءَهُم بِغَيْرِ عِلْمٍ ۖ فَمَن يَهْدِى مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَا لَهُم مِّن نَّٰصِرِينَ ٢٩
Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın (küfr edəcəklərini əzəldən bildiyi üçün) yoldan çıxartdıqlarını doğru yola (islam dininə) kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz!
Lakin haqsızlıq edənlər heç bir elmə əsaslanmadan nəfslərinin istəklərinə uydular. Allahın zəlalətə saldıqlarını kim doğru yola yönəldə bilər? Onlara yardım edənlər də olmaz.
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ ٱللَّهِ ٱلَّتِى فَطَرَ ٱلنَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ ٱللَّهِ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ ٣٠
(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar).
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir.
۞ مُنِيبِينَ إِلَيْهِ وَٱتَّقُوهُ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَلَا تَكُونُوا۟ مِنَ ٱلْمُشْرِكِينَ ٣١
(Ya Rəsulum! Sən və ümmətin) tövbə edərək Ona tərəf dönün. Ondan (Allahın əzabından) qorxun, namaz qılın və müşriklərdən olmayın!
Tövbə edərək Ona üz tutun, Ondan qorxun, namaz qılın və şərik qoşanlardan olmayın!
مِنَ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ٣٢
O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular (bə’zisi bütlərə, bə’zisi günəşə və aya, bə’zisi ulduzlara səcdə etməyə başladılar). Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər.
O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə öz təriqətini üstün bilib sevinir.
وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرٌّ دَعَوْا۟ رَبَّهُم مُّنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِّنْهُم بِرَبِّهِمْ يُشْرِكُونَ ٣٣
İnsanlara bir ziyan toxunduğu zaman Rəbbinə tərəf dönüb Ona tövbə edərlər. Sonra (Allah) Öz mərhəmətindən onlara daddıran (onları möhnətdən qurtaran) kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.
İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur.
لِيَكْفُرُوا۟ بِمَآ ءَاتَيْنَٰهُمْ ۚ فَتَمَتَّعُوا۟ فَسَوْفَ تَعْلَمُونَ ٣٤
Bizim onlara verdiyimiz ne’mətləri inkar etsinlər deyə (şirkə, küfrə düşərlər). İndi (bir az dünyada) əylənib kefə baxın. (Cəhənnəm əzabının necə şiddətli olduğunu) mütləq biləcəksiniz!
Bu ona görədir ki, Bizim onlara verdiyimiz nemətlərə nankorluq etsinlər. Hələlik əylənin! Tezliklə biləcəksiniz.
أَمْ أَنزَلْنَا عَلَيْهِمْ سُلْطَٰنًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا۟ بِهِۦ يُشْرِكُونَ ٣٥
Yoxsa Biz (müşriklərə Allaha) şərik qoşmaqlarını söyləyən (təsdiq edən) bir dəlil (kitab) göndərdik?!
Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik?
وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةً فَرِحُوا۟ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ ٣٦
İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir müsibətə düçar etdikdə isə dərhal mə’yus olarlar (hər şeydən ümidlərini üzərlər).
İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.
أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ ٣٧
Məgər onlar Allahın istədiyi kimsənin ruzisini bol etdiyini və (istədiyininkini də) azaltdığını görmürlərmi?! Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!
Məgər onlar görmürlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyininkini də azaldır? Həqiqətən, bunda iman gətirən adamlar üçün ibrətlər vardır.
فَـَٔاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِّلَّذِينَ يُرِيدُونَ وَجْهَ ٱللَّهِ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ٣٨
(Ya Rəsulum!) Yaxın qohuma, yoxsula (miskinə), (pulu qurtarıb yolda qalan) müsafirə (Allahın vacib buyurduğu) haqqını ver. Allah rizasını (Allahın camalını) diləyənlər üçün bu daha xeyirlidir. (Axirətdə) nicat tapanlar (mətləbinə yetişənlər) məhz onlardır!
Qohum-əqrəbaya, yoxsula və müsafirə onlara çatacaq haqqını ver! Allahın Üzünü diləyənlər üçün bu daha xeyirlidir. Uğur qazananlar da elə məhz onlardır.
وَمَآ ءَاتَيْتُم مِّن رِّبًا لِّيَرْبُوَا۟ فِىٓ أَمْوَٰلِ ٱلنَّاسِ فَلَا يَرْبُوا۟ عِندَ ٱللَّهِ ۖ وَمَآ ءَاتَيْتُم مِّن زَكَوٰةٍ تُرِيدُونَ وَجْهَ ٱللَّهِ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُضْعِفُونَ ٣٩
(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!
İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzünü diləyərək verdiyiniz zəkata gəlincə, bilin ki, bunu edənlər mallarının bərəkətini qat-qat artıranlardır.
ٱللَّهُ ٱلَّذِى خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَفْعَلُ مِن ذَٰلِكُم مِّن شَىْءٍ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ٤٠
Sizi (yoxdan) yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (qiyamət günü) dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edə biləni varmı? (Allah) pakdır, müqəddəsdir. (Allah müşriklərin) Ona şərik qoşduqlarından (bütlərdən) ucadır!
Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı? O, pakdır və müşriklərin Ona şərik qoşduqlarından ucadır.
ظَهَرَ ٱلْفَسَادُ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِى ٱلنَّاسِ لِيُذِيقَهُم بَعْضَ ٱلَّذِى عَمِلُوا۟ لَعَلَّهُمْ يَرْجِعُونَ ٤١
İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bə’zi yerlərdə quraqlıq, qıtlıq olar, bə’zilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bə’zi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.
İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar.
قُلْ سِيرُوا۟ فِى ٱلْأَرْضِ فَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلُ ۚ كَانَ أَكْثَرُهُم مُّشْرِكِينَ ٤٢
(Ya Rəsulum! Məkkə əhlinə) de: “Yer üzünü gəzib-dolaşın və (sizdən) əvvəlkilərin axırının necə olduğuna baxın. Onların əksəriyyəti müşrik idi.
De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allaha şərik qoşanlar idi”.
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ ٱلْقَيِّمِ مِن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ ٤٣
(Ya Rəsulum!) Allah tərəfindən qarşısıalınmaz gün (qiyamət günü) gəlməmişdən əvvəl üzünü düzgün dinə (islama doğru) çevir. O gün insanlar (haqq-hesab çəkildikdən sonra) bölük-bölük (iki dəstə) olarlar. (Mö’minlər Cənnətə, günahkarlar isə Cəhənnəmə gedərlər).
Qarşısıalınmaz gün Allah tərəfindən göndərilməmişdən əvvəl üzünü gerçək dinə tərəf tut! O gün onlar iki dəstəyə bölünəcəklər.
مَن كَفَرَ فَعَلَيْهِ كُفْرُهُۥ ۖ وَمَنْ عَمِلَ صَٰلِحًا فَلِأَنفُسِهِمْ يَمْهَدُونَ ٤٤
Küfr edənin küfrü öz əleyhinə olar (qazandığı günaha görə Cəhənnəmə atılar). Yaxşı iş görənlər isə özləri üçün (Cənnətdə) rahat mənzillər hazırlamış olarlar ki,
Kim küfr edərsə, küfrü öz əleyhinə olar. Yaxşı iş görənlər isə özləri üçün Cənnətdə yer hazırlamış olarlar.
لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ مِن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْكَٰفِرِينَ ٤٥
(Allah) iman gətirib saleh əməl edənlərə Öz lütfündən (Öz kərəmindən) mükafat versin. Şübhəsiz ki, (Allah) kafirləri sevməz!
Bu ona görədir ki, Allah iman gətirib yaxşı işlər görənlərə Öz lütfündən mükafat versin. Şübhəsiz ki, O, kafirləri sevmir.
وَمِنْ ءَايَٰتِهِۦٓ أَن يُرْسِلَ ٱلرِّيَاحَ مُبَشِّرَٰتٍ وَلِيُذِيقَكُم مِّن رَّحْمَتِهِۦ وَلِتَجْرِىَ ٱلْفُلْكُ بِأَمْرِهِۦ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ٤٦
Həqiqətən, küləkləri müjdəçi olaraq göndərməsi, sizə Öz mərhəmətindən daddırması (yağış verməsi), əmri ilə gəmilərin üzməsi, ne’mətindən ruzi axtarmanız Onun qüdrət əlamətlərindəndir. Bəlkə, (Allahın ne’mətlərinə) şükür edəsiniz!
Sizə Öz mərhəmətindən daddırsın, əmri ilə gəmilər üzsün, Onun lütfünü arayasınız və sizə verdiyi nemətlərə şükür edəsiniz deyə küləkləri müjdəçi göndərməsi də Onun dəlillərindəndir.
وَلَقَدْ أَرْسَلْنَا مِن قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَآءُوهُم بِٱلْبَيِّنَٰتِ فَٱنتَقَمْنَا مِنَ ٱلَّذِينَ أَجْرَمُوا۟ ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ ٱلْمُؤْمِنِينَ ٤٧
(Ya Rəsulum!) Biz səndən əvvəl də onların tayfalarına (neçə-neçə) peyğəmbərlər göndərmişdik. (Peyğəmbərlər) onlara açıq-aşkar mö’cüzələr gətirmişdilər. Biz (peyğəmbərləri təkzib edən) günahkarlardan intiqam aldıq. Mö’minlərə kömək etmək Bizə vacibdir! (Biz Öz və’dimizə əməl edərək mö’minlərə yardım etməliyik!)
Biz səndən əvvəl də onların qövmünə elçilər göndərmişdik. Elçilər onlara açıq-aydın dəlillər gətirmişdilər. Biz günahkarlardan intiqam aldıq. Möminlərə yardım etmək Bizim borcumuz idi.
ٱللَّهُ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَٰحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُۥ فِى ٱلسَّمَآءِ كَيْفَ يَشَآءُ وَيَجْعَلُهُۥ كِسَفًا فَتَرَى ٱلْوَدْقَ يَخْرُجُ مِنْ خِلَٰلِهِۦ ۖ فَإِذَآ أَصَابَ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦٓ إِذَا هُمْ يَسْتَبْشِرُونَ ٤٨
Buludları hərəkətə gətirən küləkləri göndərib onları göy üzündə istədiyi kimi yayan və topa-topa edən Allahdır. Artıq buludların arasından yağış çıxdığını görürsən. Onu (yağışı) bəndələrindən istədiyinə verən kimi onlar sevinərlər.
Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər.
وَإِن كَانُوا۟ مِن قَبْلِ أَن يُنَزَّلَ عَلَيْهِم مِّن قَبْلِهِۦ لَمُبْلِسِينَ ٤٩
Hərçənd ki üstlərinə (yağış) endirilməzdən (yağış yağmamışdan) əvvəl (ondan) ümidlərini üzmüşdülər.
Halbuki o yağış onların üzərinə yağdırılmazdan əvvəl ümidsiz idilər.
فَٱنظُرْ إِلَىٰٓ ءَاثَٰرِ رَحْمَتِ ٱللَّهِ كَيْفَ يُحْىِ ٱلْأَرْضَ بَعْدَ مَوْتِهَآ ۚ إِنَّ ذَٰلِكَ لَمُحْىِ ٱلْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ٥٠
(Ya Rəsulum!) Sən Allahın rəhmətinin (yağışının) əsər-əlamətinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O (Allah) hər şeyə qadirdir!
Sən Allahın mərhəmətinin izlərinə bax ki, yeri öldükdən sonra necə dirildir. Şübhəsiz ki, O, ölüləri də mütləq dirildəcəkdir. O, hər şeyə qadirdir.
وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَّظَلُّوا۟ مِنۢ بَعْدِهِۦ يَكْفُرُونَ ٥١
Əgər Biz (onların əkinlərinin üstünə) bir yel əsdirsək və (o yel nəticəsində əkinlərin) saralıb-solduğunu görsələr, bundan sonra mütləq nankor olmağa başlayarlar.
Əgər Biz bir külək göndərsək və onlar əkini saralmış görsələr, bundan sonra mütləq nankorluq etməyə başlayarlar.
فَإِنَّكَ لَا تُسْمِعُ ٱلْمَوْتَىٰ وَلَا تُسْمِعُ ٱلصُّمَّ ٱلدُّعَآءَ إِذَا وَلَّوْا۟ مُدْبِرِينَ ٥٢
Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə bildirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!
Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən.
وَمَآ أَنتَ بِهَٰدِ ٱلْعُمْىِ عَن ضَلَٰلَتِهِمْ ۖ إِن تُسْمِعُ إِلَّا مَن يُؤْمِنُ بِـَٔايَٰتِنَا فَهُم مُّسْلِمُونَ ٥٣
Sən korları da düşdükləri əyri yoldan qurtarıb düz yola gətirə bilməzsən. Sən (haqqı) yalnız ayələrimizə inananlara eşitdirə bilərsən. Məhz onlar müsəlmandırlar! (Allaha ürəkdən inanıb Ona can-başla itaət edərlər!)
Sən korları da düşdükləri zəlalətdən çıxarıb düz yola sala bilməzsən. Sən haqqı yalnız və yalnız müsəlman olub ayələrimizə iman gətirənlərə eşitdirə bilərsən.
۞ ٱللَّهُ ٱلَّذِى خَلَقَكُم مِّن ضَعْفٍ ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنۢ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً ۚ يَخْلُقُ مَا يَشَآءُ ۖ وَهُوَ ٱلْعَلِيمُ ٱلْقَدِيرُ ٥٤
Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!
Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, Biləndir, Qadirdir.
وَيَوْمَ تَقُومُ ٱلسَّاعَةُ يُقْسِمُ ٱلْمُجْرِمُونَ مَا لَبِثُوا۟ غَيْرَ سَاعَةٍ ۚ كَذَٰلِكَ كَانُوا۟ يُؤْفَكُونَ ٥٥
Qiyamət qopacağı gün (saat) günahkarlar (qəbirlərində və dünyada) bir saatdan artıq qalmadıqlarına and içərlər. Onlar (axirətdə belə yalan danışdıqları kimi, dünyada da batilə uyub haqdan) belə döndərilirdilər (yoldan çıxardılırdılar).
O Saatın gəldiyi gün günahkarlar dünyada bircə saat qaldıqlarına and içəcəklər. Onlar dünyada da haqdan belə üz döndərirdilər.
وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَٱلْإِيمَٰنَ لَقَدْ لَبِثْتُمْ فِى كِتَٰبِ ٱللَّهِ إِلَىٰ يَوْمِ ٱلْبَعْثِ ۖ فَهَٰذَا يَوْمُ ٱلْبَعْثِ وَلَٰكِنَّكُمْ كُنتُمْ لَا تَعْلَمُونَ ٥٦
Elm və iman sahibləri isə belə deyərlər: “Siz (qəbirlərinizdə) Allahın Kitabında (əzəli elmində yazılmış) olan qiyamət gününə qədər qaldınız. Bu, (hamının dirildiyi) qiyamət günüdür, lakin siz (onun haqq olduğunu) bilmirdiniz!”
Bilik və iman nəsib edilmiş kimsələr isə deyəcəklər: “Siz orada Allahın yazısı ilə Dirilmə gününə qədər qaldınız. Bu gün, məhz Dirilmə günüdür, lakin siz bunu bilmirdiniz”.
فَيَوْمَئِذٍ لَّا يَنفَعُ ٱلَّذِينَ ظَلَمُوا۟ مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ ٥٧
O gün zalımlara üzrləri heç bir fayda verməz və onların tövbə etmələri (Allah rizasını diləmələri) də istənilməz!
Həmin gün zalımlara bəhanələri fayda verməyəcək və onlardan tövbə etmələri tələb olunmayacaqdır.
وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍ ۚ وَلَئِن جِئْتَهُم بِـَٔايَةٍ لَّيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا مُبْطِلُونَ ٥٨
Biz bu Qur’anda insanlar üçün hər çür məsəl çəkdik. (Ya Rəsulum!) Həqiqətən, sən onlara (Musanın yədi-beyzası, əsası kimi) hər hansı bir mö’cüzə gətirsən belə, onlar mütləq: “Siz (Peyğəmbər və ona iman gətirənlər) yalançısınız!” – deyəcəklər.
Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər.
كَذَٰلِكَ يَطْبَعُ ٱللَّهُ عَلَىٰ قُلُوبِ ٱلَّذِينَ لَا يَعْلَمُونَ ٥٩
Allah (haqqı) bilməyənlərin qəlblərini belə möhürləyər!
Allah haqqı bilməyənlərin qəlbini belə möhürləyir.
فَٱصْبِرْ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّ ۖ وَلَا يَسْتَخِفَّنَّكَ ٱلَّذِينَ لَا يُوقِنُونَ ٦٠
(Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın (sənə verdiyi zəfər) və’di haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni e’tinasızlığa sövq etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə, səbatsızlığa sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra bilməsinlər!)
Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy axirətə yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.