Kur'an Sûresiالقرآن الكريم
سُورَةُ الحج

Həcc surəsi

Surə 22Mədəni78 ayə
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمْ ۚ إِنَّ زَلْزَلَةَ ٱلسَّاعَةِ شَىْءٌ عَظِيمٌ ١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!

AzərbaycancaAlıxan Musayev

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır.

يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّآ أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٌ ٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir!

AzərbaycancaAlıxan Musayev

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir.

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَٰنٍ مَّرِيدٍ ٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır.

AzərbaycancaAlıxan Musayev

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir.

كُتِبَ عَلَيْهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهْدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər.

AzərbaycancaAlıxan Musayev

Onun haqqında belə yazılmışdır: kim şeytanla dostluq etsə, şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər.

يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى رَيْبٍ مِّنَ ٱلْبَعْثِ فَإِنَّا خَلَقْنَٰكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ ۚ وَنُقِرُّ فِى ٱلْأَرْحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوٓا۟ أَشُدَّكُمْ ۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرْذَلِ ٱلْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِنۢ بَعْدِ عِلْمٍ شَيْـًٔا ۚ وَتَرَى ٱلْأَرْضَ هَامِدَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ وَأَنۢبَتَتْ مِن كُلِّ زَوْجٍۭ بَهِيجٍ ٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa (ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi (babanız Adəmi) torpaqdan, sonra mənidən (nütfədən), sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (vaxtında doğulmuş) və düşməmiş (vaxtından əvvəl doğulmuş) bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət (adətən, doqquz ay) saxlayar, sonra sizi (oradan) uşaq olaraq (doğurub) çıxardarıq. Sonra yetkinlik çağına (otuz-qırx yaşlarına) yetişəsiniz deyə (sizi böyüdərik). Kiminiz (bu həddə çatmamış) vəfat edər, kiminiz də ömrün elə bir rəzil (ən ixtiyar) çağına çatdırılar ki, vaxtilə bildiyini (tamamilə unudub körpə uşaq kimi) bilməz olar. (Ey insan!) Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə (cana) gəlib qabarar (yaxud xəmir kimi acıyar) və hər növ gözəl (meyvədən, bitkidən) bar gətirər.

AzərbaycancaAlıxan Musayev

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, qüdrətimizi sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi oradan uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtilə bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir.

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّهُۥ يُحْىِ ٱلْمَوْتَىٰ وَأَنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu (insan yaradılışının müxtəlif mərhələləri, ölü torpağın cana gətirilməsi) ona görədir ki, Allah haqdır, ölüləri dirildir və O, hər şeyə qadirdir!

AzərbaycancaAlıxan Musayev

Bunun səbəbi Allahın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir.

وَأَنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ لَّا رَيْبَ فِيهَا وَأَنَّ ٱللَّهَ يَبْعَثُ مَن فِى ٱلْقُبُورِ ٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu (həm də belə bir danılmaz həqiqətə inanmağınız üçündür ki) o saat (qiyamət günü) mütləq gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir!

AzərbaycancaAlıxan Musayev

Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِى ٱللَّهِ بِغَيْرِ عِلْمٍ وَلَا هُدًى وَلَا كِتَٰبٍ مُّنِيرٍ ٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

İnsanlar içində (Əbu Cəhl kimi) eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri (yaxud tutarlı dəlili) və nurani (səmadan endirilib hökmünü açıq bildirən) kitabı olmadan Allah barəsində mübahisə edər.

AzərbaycancaAlıxan Musayev

İnsanlar içərisində eləsi də vardır ki, heç bir biliyi, doğru yol göstəricisi və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir.

ثَانِىَ عِطْفِهِۦ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ ۖ لَهُۥ فِى ٱلدُّنْيَا خِزْىٌ ۖ وَنُذِيقُهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ عَذَابَ ٱلْحَرِيقِ ٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O, boynunu (təkəbbürlə sağa-sola) əyərək (insanları) Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!

AzərbaycancaAlıxan Musayev

O, başını təkəbbürlə o yan bu yana çevirir ki, insanları Allahın yolundan sapdırsın. O bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz ona Cəhənnəm məşəqqətini nəsib edəcəyik.

ذَٰلِكَ بِمَا قَدَّمَتْ يَدَاكَ وَأَنَّ ٱللَّهَ لَيْسَ بِظَلَّٰمٍ لِّلْعَبِيدِ ١٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(O zaman ona belə deyiləcək:) “Bu, (dünyada) öz əllərinlə etdiyin günahların cəzasıdır, yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!”

AzərbaycancaAlıxan Musayev

Ona deyiləcəkdir: “Bu, əvvəllər öz törətdiyin əməllərin əvəzidir, yoxsa Allah qullarına əsla zülm edən deyildir”.

وَمِنَ ٱلنَّاسِ مَن يَعْبُدُ ٱللَّهَ عَلَىٰ حَرْفٍ ۖ فَإِنْ أَصَابَهُۥ خَيْرٌ ٱطْمَأَنَّ بِهِۦ ۖ وَإِنْ أَصَابَتْهُ فِتْنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجْهِهِۦ خَسِرَ ٱلدُّنْيَا وَٱلْءَاخِرَةَ ۚ ذَٰلِكَ هُوَ ٱلْخُسْرَانُ ٱلْمُبِينُ ١١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!

AzərbaycancaAlıxan Musayev

İnsanlardan eləsi də vardır ki, Allaha şübhə ilə ibadət edir. Əgər ona bir xeyir çatsa, onunla rahatlıq tapar. Yox, əgər başına bir iş gəlsə, üz döndərib küfrə qayıdar. O adam dünyanı da itirər, axirəti də. Gerçək zərər də elə budur.

يَدْعُوا۟ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُۥ وَمَا لَا يَنفَعُهُۥ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ ١٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O, Allahı buraxıb özünə nə zərər, nə də xeyir verən bütlərə tapınar. Haqq yoldan azıb uzaq düşmək də budur!

AzərbaycancaAlıxan Musayev

O, Allahı tərk edərək özünə nə zərər, nə də xeyir verə bilməyənə yalvarır. Dərin azğınlıq da elə budur.

يَدْعُوا۟ لَمَن ضَرُّهُۥٓ أَقْرَبُ مِن نَّفْعِهِۦ ۚ لَبِئْسَ ٱلْمَوْلَىٰ وَلَبِئْسَ ٱلْعَشِيرُ ١٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Özü də zərəri xeyirindən daha çox (Cəhənnəmə daha yaxın) olana ibadət edər. O (büt) nə pis köməkçi, necə də pis yoldaşdır!

AzərbaycancaAlıxan Musayev

Həm də zərəri xeyrindən daha yaxın olana yalvarır. O nə pis köməkçi, nə pis yoldaşdır!

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يُرِيدُ ١٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Allah istədiyini edər.

AzərbaycancaAlıxan Musayev

Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər.

مَن كَانَ يَظُنُّ أَن لَّن يَنصُرَهُ ٱللَّهُ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ فَلْيَمْدُدْ بِسَبَبٍ إِلَى ٱلسَّمَآءِ ثُمَّ لْيَقْطَعْ فَلْيَنظُرْ هَلْ يُذْهِبَنَّ كَيْدُهُۥ مَا يَغِيظُ ١٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Hər kim Allahın dünyada və axirətdə ona (Öz Peyğəmbərinə) kömək göstərməyəcəyini zənn edirsə, qoy göyə (evinin tavanına) bir ip uzatsın, sonra da (ipi boğazına salıb) kəssin (özünü ondan assın) və görsün ki, onun bu hiyləsi qəzəbinə səbəb olan şeyi (Allahın peyğəmbərə göstərəcəyi yardımı) aradan qaldıra bilərmi? (Əlbəttə, qaldıra bilməz! Allahın öz peyğəmbərinə yardım etməsini istəməyənlər, qəzəblərindən özlərini assalar da, partlayıb çatlasalar da, Allah ona dünyada zəfər, axirətdə isə yüksək məqamlar nəsib edəcəkdir).

AzərbaycancaAlıxan Musayev

Kim ki, dünyada və axirətdə Allahın Peyğəmbərinə kömək göstərməyəcəyi gümanındadırsa, qoy yuxarıya (evinin tavanına) bir ip salıb boynuna keçirsin, sonra da ayağını yerdən üzsün və görsün ki, onun bu hiyləsi, qəzəbinə səbəb olduğu Allahın bu köməyinə mane ola bilərmi?

وَكَذَٰلِكَ أَنزَلْنَٰهُ ءَايَٰتٍۭ بَيِّنَٰتٍ وَأَنَّ ٱللَّهَ يَهْدِى مَن يُرِيدُ ١٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz (Qur’anı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah dilədiyini doğru yola müvəffəq edər.

AzərbaycancaAlıxan Musayev

Beləcə, Biz Quranı açıq-aydın ayələr kimi nazil etdik. Allah istədiyi kəsi doğru yola yönəldir.

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَٱلَّذِينَ هَادُوا۟ وَٱلصَّٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلْمَجُوسَ وَٱلَّذِينَ أَشْرَكُوٓا۟ إِنَّ ٱللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ ١٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)

AzərbaycancaAlıxan Musayev

Şübhəsiz ki, Qiyamət günü Allah möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında hökm verəcəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَسْجُدُ لَهُۥ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ وَٱلشَّمْسُ وَٱلْقَمَرُ وَٱلنُّجُومُ وَٱلْجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٌ مِّنَ ٱلنَّاسِ ۖ وَكَثِيرٌ حَقَّ عَلَيْهِ ٱلْعَذَابُ ۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكْرِمٍ ۚ إِنَّ ٱللَّهَ يَفْعَلُ مَا يَشَآءُ ۩ ١٨ ۩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ey insan!) Məgər göylərdə və yerdə olanların (bütün canlıların), Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (mö’minlərin) Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxuna da (kafirlərə də) əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kəs yüksəldə (səadətə qovuşdura) bilməz. Həqiqətən, Allah dilədiyini edər!

AzərbaycancaAlıxan Musayev

Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.

۞ هَٰذَانِ خَصْمَانِ ٱخْتَصَمُوا۟ فِى رَبِّهِمْ ۖ فَٱلَّذِينَ كَفَرُوا۟ قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِّن نَّارٍ يُصَبُّ مِن فَوْقِ رُءُوسِهِمُ ٱلْحَمِيمُ ١٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (mö’minlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdır; başlarına da qaynar su töküləcəkdir.

AzərbaycancaAlıxan Musayev

Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.

يُصْهَرُ بِهِۦ مَا فِى بُطُونِهِمْ وَٱلْجُلُودُ ٢٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O su ilə qarınlarında olanlar (bağırsaqları, ciyərləri) və dəriləri əridiləcəkdir.

AzərbaycancaAlıxan Musayev

Bununla, onların bətnlərindəkiləri və dərisi əridiləcəkdir.

وَلَهُم مَّقَٰمِعُ مِنْ حَدِيدٍ ٢١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Hələ onlar üçün (başlarına vurulacaq) dəmir toppuzlar da vardır.

AzərbaycancaAlıxan Musayev

Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır.

كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَا مِنْ غَمٍّ أُعِيدُوا۟ فِيهَا وَذُوقُوا۟ عَذَابَ ٱلْحَرِيقِ ٢٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Kafirlər) oradan – (Cəhənnəmdə düşdükləri) qəmdən qurtarmaq istədikcə, yenidən ora qaytarılar və (onlara:) “Dadın atəşin əzabını!” (deyilər).

AzərbaycancaAlıxan Musayev

Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara: “Dadın odun əzabını!”– deyiləcəkdir.

إِنَّ ٱللَّهَ يُدْخِلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِن ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ ٢٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada altun və incilərlə bəzənəcəklər (qızıldan və mirvaridən bilərziklər taxacaqlar), orada libasları da ipəkdən olacaqdır!

AzərbaycancaAlıxan Musayev

Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır.

وَهُدُوٓا۟ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلْقَوْلِ وَهُدُوٓا۟ إِلَىٰ صِرَٰطِ ٱلْحَمِيدِ ٢٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onlar (dünyada) təmiz (pak) sözə (la ilahə illallaha, yaxud Qur’ana) müvəffəq olmuş, həm də Allahın bəyəndiyi yola (islama) yönəldilmişlər.

AzərbaycancaAlıxan Musayev

Onlar gözəl kəlamlar öyrənməyə nail olmuş və Tərifəlayiq Allahın yoluna yönəldilmişlər.

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلْمَسْجِدِ ٱلْحَرَامِ ٱلَّذِى جَعَلْنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلْعَٰكِفُ فِيهِ وَٱلْبَادِ ۚ وَمَن يُرِدْ فِيهِ بِإِلْحَادٍۭ بِظُلْمٍ نُّذِقْهُ مِنْ عَذَابٍ أَلِيمٍ ٢٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Kafir olub (insanları) Allah yolundan, həm yerlilər, həm də gəlmələr üçün (qiblə, mə’bəd) etdiyimiz Məscidülhəramdan döndərənlərə və orada zülmə, haqsızlığa meyl etmək istəyənlərə də şiddətli əzabdan daddıracağıq!

AzərbaycancaAlıxan Musayev

Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün insanlar – istər yerlilər, istərsə də gəlmələr – üçün qurduğumuz Məscidulharamdan sapdıranlara və orada zülm etməklə haqdan dönmək istəyənlərə ağrılı-acılı bir əzab daddıracağıq.

وَإِذْ بَوَّأْنَا لِإِبْرَٰهِيمَ مَكَانَ ٱلْبَيْتِ أَن لَّا تُشْرِكْ بِى شَيْـًٔا وَطَهِّرْ بَيْتِىَ لِلطَّآئِفِينَ وَٱلْقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ٢٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Yadına sal ki, bir zaman İbrahimə Kə’bənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar (namaz qılanlar) üçün (bütlərdən) təmizlə!”

AzərbaycancaAlıxan Musayev

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!”– demişdik.

وَأَذِّن فِى ٱلنَّاسِ بِٱلْحَجِّ يَأْتُوكَ رِجَالًا وَعَلَىٰ كُلِّ ضَامِرٍ يَأْتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٍ ٢٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

İnsanları həccə çağır ki, onlar sənin yanına (istər) piyada və (istərsə də) hər uzaq yoldan yollanan hər çür arıq (yorğun-arğın) dəvələr üstündə (süvari olaraq) gəlsinlər.

AzərbaycancaAlıxan Musayev

İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn qayışbaldır dəvələr üstündə gəlsinlər.

لِّيَشْهَدُوا۟ مَنَٰفِعَ لَهُمْ وَيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ فِىٓ أَيَّامٍ مَّعْلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَٰمِ ۖ فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْبَآئِسَ ٱلْفَقِيرَ ٢٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və mə’lum günlərdə Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!

AzərbaycancaAlıxan Musayev

Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin!

ثُمَّ لْيَقْضُوا۟ تَفَثَهُمْ وَلْيُوفُوا۟ نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا۟ بِٱلْبَيْتِ ٱلْعَتِيقِ ٢٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Sonra həcc əməllərini (dırnaq kəsmək, saçını qırxmaq, yaxud qısaltmaq və s.) yerinə yetirsinlər (və ya kirlərini təmizləsinlər), nəzirlərini versinlər və (Nuhun tufanından salamat çıxmış, yaxud bəşər övladı üçün ilk ziyarətgah olan) qədim evi (Kə’bəni) təvaf etsinlər!

AzərbaycancaAlıxan Musayev

Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər.

ذَٰلِكَ وَمَن يُعَظِّمْ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيْرٌ لَّهُۥ عِندَ رَبِّهِۦ ۗ وَأُحِلَّتْ لَكُمُ ٱلْأَنْعَٰمُ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ ۖ فَٱجْتَنِبُوا۟ ٱلرِّجْسَ مِنَ ٱلْأَوْثَٰنِ وَٱجْتَنِبُوا۟ قَوْلَ ٱلزُّورِ ٣٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu “Maidə” surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar (başdan-ayağa murdarlıq olan) bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin -

AzərbaycancaAlıxan Musayev

Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;

حُنَفَآءَ لِلَّهِ غَيْرَ مُشْرِكِينَ بِهِۦ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ ٱلسَّمَآءِ فَتَخْطَفُهُ ٱلطَّيْرُ أَوْ تَهْوِى بِهِ ٱلرِّيحُ فِى مَكَانٍ سَحِيقٍ ٣١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sür’ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə (məxluqa) bənzər.

AzərbaycancaAlıxan Musayev

ancaq tək Allaha ibadət edənlərdən və Ona şərik qoşmayanlardan olun! Kim Allaha şərik qoşsa, sanki o, göydən düşər, quşlar onu alıb aparar, yaxud külək onu sovurub uzaq bir yerə atar.

ذَٰلِكَ وَمَن يُعَظِّمْ شَعَٰٓئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقْوَى ٱلْقُلُوبِ ٣٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə (həcc əməllərinə, yaxud qurbanlıq heyvanlara) hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır).

AzərbaycancaAlıxan Musayev

Bax belə! Hər kim Allahın ayinlərinə hörmət etsə, bilsin ki, bu, qəlblərin təqvasındandır.

لَكُمْ فِيهَا مَنَٰفِعُ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ثُمَّ مَحِلُّهَآ إِلَى ٱلْبَيْتِ ٱلْعَتِيقِ ٣٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Sizin üçün (qurbanlıq heyvanlarda) müəyyən bir vaxta qədər mənfəət vardır. (Kəsilənə qədər onları minər, südünü içər, yunundan istifadə edərsiniz). Sonra onların gətirilib kəsiləcəyi yer (Mina) qədim ev (Kə’bə) istiqamətindədir. (Yaxud həcc əməllərini yerinə yetirməkdə sizin üçün qiyamətə qədər mənfəət vardır. Həcc günləri Kə’bəyə toplanar, bütün müsəlmanlara lazım olan dini və dünyəvi məsələlər barəsində məsləhət-məşvərət edərsiniz).

AzərbaycancaAlıxan Musayev

Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim evin (Kəbənin) yaxınlığındadır.

وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا لِّيَذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلْأَنْعَٰمِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَٰحِدٌ فَلَهُۥٓ أَسْلِمُوا۟ ۗ وَبَشِّرِ ٱلْمُخْبِتِينَ ٣٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz hər bir ümmət üçün qurbangah (yaxud mə’bəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (bismillah desinlər). Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!

AzərbaycancaAlıxan Musayev

Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin. Sən müti olanlara müjdə ver;

ٱلَّذِينَ إِذَا ذُكِرَ ٱللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَٱلصَّٰبِرِينَ عَلَىٰ مَآ أَصَابَهُمْ وَٱلْمُقِيمِى ٱلصَّلَوٰةِ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ٣٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər.

AzərbaycancaAlıxan Musayev

o kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər.

وَٱلْبُدْنَ جَعَلْنَٰهَا لَكُم مِّن شَعَٰٓئِرِ ٱللَّهِ لَكُمْ فِيهَا خَيْرٌ ۖ فَٱذْكُرُوا۟ ٱسْمَ ٱللَّهِ عَلَيْهَا صَوَآفَّ ۖ فَإِذَا وَجَبَتْ جُنُوبُهَا فَكُلُوا۟ مِنْهَا وَأَطْعِمُوا۟ ٱلْقَانِعَ وَٱلْمُعْتَرَّ ۚ كَذَٰلِكَ سَخَّرْنَٰهَا لَكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ ٣٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (bismillah deyin). Onlar böyrü üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə e’tiraz etməyənə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (ne’mətimizə) şükr edəsiniz!

AzərbaycancaAlıxan Musayev

Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmüş halda kəsərkən Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz.

لَن يَنَالَ ٱللَّهَ لُحُومُهَا وَلَا دِمَآؤُهَا وَلَٰكِن يَنَالُهُ ٱلتَّقْوَىٰ مِنكُمْ ۚ كَذَٰلِكَ سَخَّرَهَا لَكُمْ لِتُكَبِّرُوا۟ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمْ ۗ وَبَشِّرِ ٱلْمُحْسِنِينَ ٣٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!

AzərbaycancaAlıxan Musayev

Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu heyvanları sizə beləcə ram etdi. Sən isə yaxşılıq edənləri müjdələ!

۞ إِنَّ ٱللَّهَ يُدَٰفِعُ عَنِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ كُلَّ خَوَّانٍ كَفُورٍ ٣٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!

AzərbaycancaAlıxan Musayev

Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir.

أُذِنَ لِلَّذِينَ يُقَٰتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا۟ ۚ وَإِنَّ ٱللَّهَ عَلَىٰ نَصْرِهِمْ لَقَدِيرٌ ٣٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Zülmə mə’ruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!

AzərbaycancaAlıxan Musayev

Kafirlərin vuruşa başladığı insanlara, o kafirlərlə vuruşmağa icazə verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Şübhəsiz ki, Allah onlara kömək etməyə qadirdir.

ٱلَّذِينَ أُخْرِجُوا۟ مِن دِيَٰرِهِم بِغَيْرِ حَقٍّ إِلَّآ أَن يَقُولُوا۟ رَبُّنَا ٱللَّهُ ۗ وَلَوْلَا دَفْعُ ٱللَّهِ ٱلنَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَٰمِعُ وَبِيَعٌ وَصَلَوَٰتٌ وَمَسَٰجِدُ يُذْكَرُ فِيهَا ٱسْمُ ٱللَّهِ كَثِيرًا ۗ وَلَيَنصُرَنَّ ٱللَّهُ مَن يَنصُرُهُۥٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ٤٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri mö’minlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, mə’bədlər (yəhudi mə’bədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!

AzərbaycancaAlıxan Musayev

Onlar ancaq “Rəbbimiz Allahdır”– dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.

ٱلَّذِينَ إِن مَّكَّنَّٰهُمْ فِى ٱلْأَرْضِ أَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتَوُا۟ ٱلزَّكَوٰةَ وَأَمَرُوا۟ بِٱلْمَعْرُوفِ وَنَهَوْا۟ عَنِ ٱلْمُنكَرِ ۗ وَلِلَّهِ عَٰقِبَةُ ٱلْأُمُورِ ٤١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah qiyamət günü əməllərinə müvafiq olaraq mö’minlərə mükafat, kafirlərə isə cəza verəcəkdir).

AzərbaycancaAlıxan Musayev

Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir.

وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ ٤٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib etmişdi.

AzərbaycancaAlıxan Musayev

Əgər səni yalançı saysalar, bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Səmud tayfaları da elçiləri yalançı saymışdı.

وَقَوْمُ إِبْرَٰهِيمَ وَقَوْمُ لُوطٍ ٤٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

İbrahim tayfası da, Lut qövmü də,

AzərbaycancaAlıxan Musayev

İbrahim tayfası da, Lut xalqı da,

وَأَصْحَٰبُ مَدْيَنَ ۖ وَكُذِّبَ مُوسَىٰ فَأَمْلَيْتُ لِلْكَٰفِرِينَ ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ نَكِيرِ ٤٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Mədyən əhli də (peyğəmbərlərini təkzib etmişdi). Musa da (Fir’onun özü və camaatı tərəfindən) yalançı sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim, sonra onları (əzabla) yaxaladım. (Bir görəydin, küfr etdiklərinə, peyğəmbərləri yalançı sayıb inkar etdiklərinə görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara verdiyim ne’məti müsibətlə əvəz etdim!)

AzərbaycancaAlıxan Musayev

Mədyən əhli də elçiləri yalançı saymışdı. Musa da yalançı sayılmışdı. Mən kafirlərə möhlət verdim, sonra onları əzabla yaxaladım. Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin!

فَكَأَيِّن مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَا وَهِىَ ظَالِمَةٌ فَهِىَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَبِئْرٍ مُّعَطَّلَةٍ وَقَصْرٍ مَّشِيدٍ ٤٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.

AzərbaycancaAlıxan Musayev

Neçə-neçə şəhərlər olmuşdur ki, əhalisi zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır.

أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَآ أَوْ ءَاذَانٌ يَسْمَعُونَ بِهَا ۖ فَإِنَّهَا لَا تَعْمَى ٱلْأَبْصَٰرُ وَلَٰكِن تَعْمَى ٱلْقُلُوبُ ٱلَّتِى فِى ٱلصُّدُورِ ٤٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar).

AzərbaycancaAlıxan Musayev

Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində maddi gözlər deyil, kökslərdəki qəlb kor olur.

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَلَن يُخْلِفَ ٱللَّهُ وَعْدَهُۥ ۚ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ ٤٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz və’dinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir!

AzərbaycancaAlıxan Musayev

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!

وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِىَ ظَالِمَةٌ ثُمَّ أَخَذْتُهَا وَإِلَىَّ ٱلْمَصِيرُ ٤٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar).

AzərbaycancaAlıxan Musayev

Neçə-neçə şəhərlərə, əhalisi zülm edərkən möhlət verdim, sonra onları əzabla yaxaladım. Dönüş də ancaq Mənədir!

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمْ نَذِيرٌ مُّبِينٌ ٤٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

De: “Ey insanlar! Mən sizi yalnız açıq-aşkar bir qorxudanam (Allahın əzabı ilə açıq-aşkar qorxudan, xəbərdar edən bir peyğəmbərəm)!

AzərbaycancaAlıxan Musayev

De: “Ey insanlar! Mən sizə yalnız açıq xəbərdarlıq edənəm.

فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَهُم مَّغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ ٥٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz (minnətsiz) ruzi gözləyir!

AzərbaycancaAlıxan Musayev

İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ruzi hazırlanmışdır.

وَٱلَّذِينَ سَعَوْا۟ فِىٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَحِيمِ ٥١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Ayələrimizdən (Qur’anı batil etməkdən) ötrü sə’y göstərib (Peyğəmbəri) aciz etmək istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə cəhd edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər!

AzərbaycancaAlıxan Musayev

Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhənnəm sakinləridirlər.

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ مِن رَّسُولٍ وَلَا نَبِىٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلْقَى ٱلشَّيْطَٰنُ فِىٓ أُمْنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ ثُمَّ يُحْكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ٥٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

AzərbaycancaAlıxan Musayev

Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, ayələrimizi oxumaq istədikdə şeytan onun oxuduğuna gizlicə vəsvəsə verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir.

لِّيَجْعَلَ مَا يُلْقِى ٱلشَّيْطَٰنُ فِتْنَةً لِّلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْقَاسِيَةِ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَفِى شِقَاقٍۭ بَعِيدٍ ٥٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Allah ona görə belə edir ki) Şeytanın vəsvəsəsini qəlblərində mərəz (nifaq, şəkk mərəzi) və ürəkləri qatı (sərt) olanlar (müşriklər) üçün bır sınaq vasitəsi etsin. Şübhəsiz ki, zalımlar (münafiqlər, müşriklər və kafirlər) haqqdan uzaq bir nifaq içindədirlər (ixtilafdadırlar).

AzərbaycancaAlıxan Musayev

Belə edər ki, şeytanın gizli təlqini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər.

وَلِيَعْلَمَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ أَنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ فَيُؤْمِنُوا۟ بِهِۦ فَتُخْبِتَ لَهُۥ قُلُوبُهُمْ ۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِلَىٰ صِرَٰطٍ مُّسْتَقِيمٍ ٥٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Və elm verilən kəslər də bilsinlər ki, haqq (Qur’an) sənin Rəbbindəndir. Artıq ona inansınlar və ürəkləri ondan arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər!

AzərbaycancaAlıxan Musayev

Qoy elm verilən kəslər, bu Kitabın Rəbbin tərəfindən göndərilmiş həqiqət olduğunu bilsinlər ki, ona inansınlar və qəlbləri ona bağlansın. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.

وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ فِى مِرْيَةٍ مِّنْهُ حَتَّىٰ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةً أَوْ يَأْتِيَهُمْ عَذَابُ يَوْمٍ عَقِيمٍ ٥٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Kafir olanlar isə qiyamət günü qəflətən başlarının üstünü alanadək, yaxud heç bir xeyri olmayan (səmərəsiz) bir günün (onların kökünü kəsəcək Bədr vuruşunun) əzabı onlara gəlib yetişənədək (Qur’an barəsində) şəkk-şübhədə olmaqda davam edəcəklər.

AzərbaycancaAlıxan Musayev

Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üstünü alanadək, yaxud səmərəsiz bir günün əzabı onlara gəlib yetişənədək, Quran barəsində şəkk-şübhə içində qalarlar.

ٱلْمُلْكُ يَوْمَئِذٍ لِّلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ ٥٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O gün (qiyamt günü) hökm yalnız Allahındır. (Allah) onların (müşriklərin və mö’minlərin) arasında hökm edəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim cənnətlərində olacaqlar!

AzərbaycancaAlıxan Musayev

O gün hökm yalnız Allahındır. Allah onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər Nəim bağlarında olacaqlar.

وَٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِـَٔايَٰتِنَا فَأُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ مُّهِينٌ ٥٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Kafir olanlar, ayələrimizi yalan hesab edənlər isə rüsvayedici bir əzaba düçar olacaqlar!

AzərbaycancaAlıxan Musayev

Kafir olub ayələrimizi yalan hesab edənləri isə rüsvayedici bir əzab gözləyir.

وَٱلَّذِينَ هَاجَرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓا۟ أَوْ مَاتُوا۟ لَيَرْزُقَنَّهُمُ ٱللَّهُ رِزْقًا حَسَنًا ۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ٥٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Allah yolunda hicrət edənlərə, sonra (bu yolda) öldürülənlərə, yaxud ölənlərə Allah, həqiqətən, gözəl ruzi (cənnət ruzisi) verəcəkdir. Şübhəsiz ki, Allah ruzi verənlərin ən yaxşısıdır!

AzərbaycancaAlıxan Musayev

Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah hökmən gözəl ruzi verəcəkdir. Həqiqətən, Allah ruzi verənlərin ən yaxşısıdır!

لَيُدْخِلَنَّهُم مُّدْخَلًا يَرْضَوْنَهُۥ ۗ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٌ ٥٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Allah) onları razı qalacaqları (xoşhal olacaqları) bir yerə (Cənnətə) daxil edəcəkdir. Həqiqətən, Allah (hər şeyi) biləndir, (bəndələrinə qarşı) həlimdir!

AzərbaycancaAlıxan Musayev

Allah onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah Biləndir, Həlimdir!

۞ ذَٰلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِىَ عَلَيْهِ لَيَنصُرَنَّهُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌ ٦٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Allahın hökmü) budur. Və hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də (müşriklərin müsəlmanları Məkkədən qovduqları kimi) təcavüzə mə’ruz qalsa, şübhəsiz ki, Allah ona kömək edər. Həqiqətən, Allah (özünümüdafiə məqsədilə düşməndən intiqam alan mö’min bəndəsini) əfv edəndir, bağışlayandır!

AzərbaycancaAlıxan Musayev

Bax belə! Hər kim özünə verilən cəza kimi cəza versə, sonra yenə də haqsızlığa məruz qalsa, bilsin ki, Allah ona mütləq kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır!

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيْلَ فِى ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِى ٱلَّيْلِ وَأَنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ ٦١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu belədir. (Allah zalıma qarşı, zalımın zülmündən xilas olmaq üçün məzluma kömək edər, çünki O, hər şeyə qadirdir). Necə ki, Allah gecəni gündüzə, güzdüzü də gecəyə qatar. (Allah bəndələrinin mənafeyi naminə bə’zən insanlar daha çox ruzi qazana bilsinlər deyə, gündüzü qısaldıb gecəni uzadar). Allah (hər şeyi) eşidəndir, görəndir!

AzərbaycancaAlıxan Musayev

Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də gecəyə qatır. Allah Eşidəndir, Görəndir.

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِۦ هُوَ ٱلْبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلْعَلِىُّ ٱلْكَبِيرُ ٦٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu belədir. Çünki Allah haqq, (müşriklərin) Ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, böyükdür! (Allahın allahlığı öz-özlüyündə mövcud olduğu üçün O haqq, bütlərin tanrılığı öz-özlüyündə mövcud olmadığı üçün onlar batildir. Buna görə də yalnız Allaha ibadət edilməlidir!)

AzərbaycancaAlıxan Musayev

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa yalvardıqları isə batildir. Həqiqətən, Allah Ucadır, Böyükdür.

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَتُصْبِحُ ٱلْأَرْضُ مُخْضَرَّةً ۗ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٌ ٦٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Məgər Allahın göydən yağmur endirdiyini və yer üzünün (onunla) yamyaşıl olduğunu görmürsənmi? Həqiqətən, Allah (gözlənilməyən yerdən ruzi yetirməklə bəndələrinə) lütfkardır, (onların hər işindən) xəbərdardır.

AzərbaycancaAlıxan Musayev

Məgər Allahın göydən yağış yağdırdığını və onunla yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah Lütfkardır, Xəbərdardır.

لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلْغَنِىُّ ٱلْحَمِيدُ ٦٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Göylərdə və yerdə nə varsa, Hamısı Onundur (Onun qüdrətindən yaranmış əsərdir). Həqiqətən, Allah ehtiyacsızdır, (hər çür) şükürə, tə’rifə layiqdir! (Hər işi bəyəniləndir!)

AzərbaycancaAlıxan Musayev

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir.

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِى ٱلْأَرْضِ وَٱلْفُلْكَ تَجْرِى فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ وَيُمْسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلْأَرْضِ إِلَّا بِإِذْنِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٌ رَّحِيمٌ ٦٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Məgər Allahın yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir!

AzərbaycancaAlıxan Musayev

Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara Şəfqətlidir, Mərhəmətlidir.

وَهُوَ ٱلَّذِىٓ أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۗ إِنَّ ٱلْإِنسَٰنَ لَكَفُورٌ ٦٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Sizi (əzəl başdan) dirildən, sonra (əcəliniz çatanda) öldürəcək, daha sonra (qiyamət günü) yenə dirildəcək məhz Odur.

AzərbaycancaAlıxan Musayev

Sizə həyat verən, sonra öldürəcək, daha sonra dirildəcək məhz Odur. İnsan, həqiqətən də, nankordur.

لِّكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ ۖ فَلَا يُنَٰزِعُنَّكَ فِى ٱلْأَمْرِ ۚ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ إِنَّكَ لَعَلَىٰ هُدًى مُّسْتَقِيمٍ ٦٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər. Elə isə (müşriklər) bu işdə (din, şəriət işində, yaxud qurbanlıqlar barəsində) səninlə mübahisə etməsinlər. (Ya Rəsulum!) Sən onları öz Rəbbinə (ibadət etməyə, Onun hökmlərini yerinə yetirməyə) də’vət et. Şübhəsiz ki, sən doğru yoldasan (dindəsən).

AzərbaycancaAlıxan Musayev

Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət müəyyən etdik. Qoy onlar bu işdə səninlə höcətləşməsinlər. Sən onları Rəbbinə ibadət etməyə dəvət et. Həqiqətən, sən ən doğru bir yoldasan.

وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعْلَمُ بِمَا تَعْمَلُونَ ٦٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Əgər (müşriklər öz kəsdiyiniz qurbanların ətindən yediyiniz halda, bəs Allahın öldürdüyü, yə’ni öz əcəli ilə ölmüş heyvanların ətini niyə yemirsiniz deyə) səninlə mübahisə etsələr, (onlara) belə cavab ver: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir!

AzərbaycancaAlıxan Musayev

Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir.

ٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ ٦٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

İxtilafda olduğunuz məsələlər barəsində Allah qiyamət günü aranızda öz hökmünü verəcəkdir!”

AzərbaycancaAlıxan Musayev

İxtilaf etdiyiniz məsələlər barəsində Allah sizə Öz hökmünü Qiyamət günü verəcəkdir”.

أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَآءِ وَٱلْأَرْضِ ۗ إِنَّ ذَٰلِكَ فِى كِتَٰبٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ ٧٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Məgər bilmirsənmi ki, Allah göydə və yerdə nə varsa (hamısını) bilir? Həqiqətən, bu, (lövhi-məhfuz deyilən) bir kitabdadır. Şübhəsiz ki, bu (bütün bunları bilmək) Allah üçün asandır!

AzərbaycancaAlıxan Musayev

Məgər bilmirsən ki, Allah göydə və yerdə olanları bilir? Həqiqətən, bu, Yazıda (Lövhi-məhfuzda) mövcuddur. Şübhəsiz ki, bu, Allah üçün asandır.

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًا وَمَا لَيْسَ لَهُم بِهِۦ عِلْمٌ ۗ وَمَا لِلظَّٰلِمِينَ مِن نَّصِيرٍ ٧١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Müşriklər) Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, (Allah Ona ibadət edilməsi haqda) heç bir dəlil nazil etməmişdir. Və (müşriklərin) ona dair heç bir biliyi də (dəlili-sübutu da) yoxdur. Zalımlara (müşriklərə) heç bir yardım edən olmaz!

AzərbaycancaAlıxan Musayev

Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Zalımlara kömək edən olmaz.

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَٰتُنَا بَيِّنَٰتٍ تَعْرِفُ فِى وُجُوهِ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلْمُنكَرَ ۖ يَكَادُونَ يَسْطُونَ بِٱلَّذِينَ يَتْلُونَ عَلَيْهِمْ ءَايَٰتِنَا ۗ قُلْ أَفَأُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَٰلِكُمُ ۗ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ٧٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman (yaxud açıq-aşkar ayələrimiz oxunduqda) kafir olanların çöhrəsində bir ikrah (nifrət) sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. (Ya Rəsulum!) De: “Sizə bundan (Qur’an oxunduğu zaman etdiyiniz nalayiq hərəkətlərdən) daha pisini xəbər verimmi? – Cəhənnəm (odu)! Allah onu kafirlərə və’d etmişdir. O nə pis məskəndir! (Nə pis qayıdış yeridir!)”

AzərbaycancaAlıxan Musayev

Kafirlərə açıq-aydın ayələrimiz oxunduqda sən onların üzündə nifrət görərsən. Onlar az qalırlar ki, ayələrimizi onlara oxuyanların üstünə cumsunlar. De: “Sizə bundan daha pisini xəbər verimmi? Bu, Cəhənnəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayıdış yeridir!”

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ضُرِبَ مَثَلٌ فَٱسْتَمِعُوا۟ لَهُۥٓ ۚ إِنَّ ٱلَّذِينَ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ لَن يَخْلُقُوا۟ ذُبَابًا وَلَوِ ٱجْتَمَعُوا۟ لَهُۥ ۖ وَإِن يَسْلُبْهُمُ ٱلذُّبَابُ شَيْـًٔا لَّا يَسْتَنقِذُوهُ مِنْهُ ۚ ضَعُفَ ٱلطَّالِبُ وَٱلْمَطْلُوبُ ٧٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! (Bütlər də aciz, milçək də, yaxud bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də!)

AzərbaycancaAlıxan Musayev

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də!

مَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ لَقَوِىٌّ عَزِيزٌ ٧٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir!

AzərbaycancaAlıxan Musayev

Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!

ٱللَّهُ يَصْطَفِى مِنَ ٱلْمَلَٰٓئِكَةِ رُسُلًا وَمِنَ ٱلنَّاسِ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ ٧٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!

AzərbaycancaAlıxan Musayev

Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ ۗ وَإِلَى ٱللَّهِ تُرْجَعُ ٱلْأُمُورُ ٧٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Allah) onların önlərindəkini də, arxalarındakını da (nə etdiklərini və nə edəcəklərini) bilir. Bütün işlər (nəticə e’tibarilə axirətdə) Allaha qayıdar! (Qiyamət günü bütün məxluqat öz əməlləri ilə birlikdə Allahın hüzurunda duracaqdır).

AzərbaycancaAlıxan Musayev

Allah onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır.

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱرْكَعُوا۟ وَٱسْجُدُوا۟ وَٱعْبُدُوا۟ رَبَّكُمْ وَٱفْعَلُوا۟ ٱلْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ ۩ ٧٧ ۩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)

AzərbaycancaAlıxan Musayev

Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız.

وَجَٰهِدُوا۟ فِى ٱللَّهِ حَقَّ جِهَادِهِۦ ۚ هُوَ ٱجْتَبَىٰكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِى ٱلدِّينِ مِنْ حَرَجٍ ۚ مِّلَّةَ أَبِيكُمْ إِبْرَٰهِيمَ ۚ هُوَ سَمَّىٰكُمُ ٱلْمُسْلِمِينَ مِن قَبْلُ وَفِى هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيْكُمْ وَتَكُونُوا۟ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ ۚ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَٱعْتَصِمُوا۟ بِٱللَّهِ هُوَ مَوْلَىٰكُمْ ۖ فَنِعْمَ ٱلْمَوْلَىٰ وَنِعْمَ ٱلنَّصِيرُ ٧٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ey mö’minlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Qur’an nazil olmamışdan) əvvəl də, bunda (Qur’anda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!

AzərbaycancaAlıxan Musayev

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!

Görünüş

Oxu