Kur'an Sûresiالقرآن الكريم
سُورَةُ ص

Sad surəsi

Surə 38Məkki88 ayə
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

صٓ ۚ وَٱلْقُرْءَانِ ذِى ٱلذِّكْرِ ١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Sad! (Şanlı-şərəfli) öyüd-nəsihətlə dolu Qur’ana and olsun!

AzərbaycancaAlıxan Musayev

Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى عِزَّةٍ وَشِقَاقٍ ٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Məkkə kafirlərinin iman gətirməmələri heç də, onların dediyi kimi, şəkk-şübhə üzündən deyildir). Doğrusu, o kafirlər qürur və nifaq içindədirlər. (İman gətirməyi özlərinə sığışdırmır. Muhəmməd əleyhissəlama qarşı çıxıb onunla ədavət aparırlar).

AzərbaycancaAlıxan Musayev

Kafirlər təkəbbür və nifaq içindədirlər.

كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّن قَرْنٍ فَنَادَوا۟ وَّلَاتَ حِينَ مَنَاصٍ ٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Onlar fəryad edib kömək diləyirdilər, lakin artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyildi.

AzərbaycancaAlıxan Musayev

Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər, lakin artıq qurtulma vaxtı keçmişdi.

وَعَجِبُوٓا۟ أَن جَآءَهُم مُّنذِرٌ مِّنْهُمْ ۖ وَقَالَ ٱلْكَٰفِرُونَ هَٰذَا سَٰحِرٌ كَذَّابٌ ٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onlar öz içərilərindən özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər belə dedilər: “Bu, yalançı bir sehrbazdır!

AzərbaycancaAlıxan Musayev

Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər: “Bu, yalançı bir sehrbazdır!

أَجَعَلَ ٱلْءَالِهَةَ إِلَٰهًا وَٰحِدًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عُجَابٌ ٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Əcaba, o, (Allahdan başqa heç bir tanrı yoxdur deməklə) tanrıların hamısını bir tanrımı edir? Bu, doğrudan da, çox təəcüblü bir şeydir.

AzərbaycancaAlıxan Musayev

O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir”.

وَٱنطَلَقَ ٱلْمَلَأُ مِنْهُمْ أَنِ ٱمْشُوا۟ وَٱصْبِرُوا۟ عَلَىٰٓ ءَالِهَتِكُمْ ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ يُرَادُ ٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onların ə’yanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur (tövhiddir).

AzərbaycancaAlıxan Musayev

Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızla səbirlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir.

مَا سَمِعْنَا بِهَٰذَا فِى ٱلْمِلَّةِ ٱلْءَاخِرَةِ إِنْ هَٰذَآ إِلَّا ٱخْتِلَٰقٌ ٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz bunu (Muhəmmədin dediklərini) sonuncu dində (xaçpərəstlikdə) də eşitməmişik. Bu ancaq bir uydurmadır.

AzərbaycancaAlıxan Musayev

Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.

أَءُنزِلَ عَلَيْهِ ٱلذِّكْرُ مِنۢ بَيْنِنَا ۚ بَلْ هُمْ فِى شَكٍّ مِّن ذِكْرِى ۖ بَل لَّمَّا يَذُوقُوا۟ عَذَابِ ٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Məgər Qur’an aramızdan onamı nazil olmuşdur?! (Halbuki o, yaşca bizdən kiçik, özü də kasıbdır)”. Doğrusu, onlar Mənim Qur’anım barədə şəkk-şübhə içindədirlər. Doğrusu, onlar hələ Mənim əzabımı dadmamışlar!

AzərbaycancaAlıxan Musayev

Məgər içimizdən təkcə onamı Zikr vəhy edilmişdir?” Xeyr, onlar Mənim Zikrimə şəkk gətirirlər. Xeyr, onlar Mənim əzabımı hələ dadmayıblar.

أَمْ عِندَهُمْ خَزَآئِنُ رَحْمَةِ رَبِّكَ ٱلْعَزِيزِ ٱلْوَهَّابِ ٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Yoxsa (ya Peyğəmbər!) Sənin yenilməz qüvvət, kərəm sahibi olan Rəhbinin rəhmət xəzinələri onlara məxsusdur?!

AzərbaycancaAlıxan Musayev

Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır?

أَمْ لَهُم مُّلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ فَلْيَرْتَقُوا۟ فِى ٱلْأَسْبَٰبِ ١٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Yaxud göylərin, yerin və onların arasında olan hər şeyin ixtiyarı onların əlindədir?! Elə isə qoy iplərdən yapışıb (göyə) qalxsınlar! (Kainatın hökmünü öz əllərinə alıb onu idarə etsinlər. İstədiklərinə peyğəmbərlik verib ona vəhy göndərsinlər!)

AzərbaycancaAlıxan Musayev

Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar.

جُندٌ مَّا هُنَالِكَ مَهْزُومٌ مِّنَ ٱلْأَحْزَابِ ١١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onlar (müşriklər) burada (yaxın zamanlarda baş verəcək Bədr vuruşunda, yaxud Məkkənin fəthində) müxtəlif firqələrdən ibarət məğlubiyyətə uğrayacaq bir ordudurlar.

AzərbaycancaAlıxan Musayev

Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir.

كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَفِرْعَوْنُ ذُو ٱلْأَوْتَادِ ١٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onlardan əvvəl Nuh qövmü, Ad və sarsılmaz səltənət (möhtəşəm binalar və ya hündür qayalar, dar ağacları) sahibi Fir’an da (peyğəmbərləri) təkzib etmişdi.

AzərbaycancaAlıxan Musayev

Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar.

وَثَمُودُ وَقَوْمُ لُوطٍ وَأَصْحَٰبُ لْـَٔيْكَةِ ۚ أُو۟لَٰٓئِكَ ٱلْأَحْزَابُ ١٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Eləcə də Səmud, Lut qövmü, Əykə əhli (Şüeyb tayfası) – bu firqələrin

AzərbaycancaAlıxan Musayev

Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi.

إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ ١٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Hər biri peyğəmbərləri ancaq yalançı saymışdı. Buna görə də əzabım (onlara) vacib oldu.

AzərbaycancaAlıxan Musayev

Hər biri elçiləri yalançı hesab etdi və Mənim cəzam da gerçəkləşdi.

وَمَا يَنظُرُ هَٰٓؤُلَآءِ إِلَّا صَيْحَةً وَٰحِدَةً مَّا لَهَا مِن فَوَاقٍ ١٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bunlar (Məkkə müşrikləri) yalnız bir dəhşətli (tükürpədici) səsə (İsrafilin suru bircə dəfə üfürməsinə) bənddirlər. (Surun çalınması vaxtı gəlib çatdıqda isə) o, bir an belə gecikməz!

AzərbaycancaAlıxan Musayev

Onlar təkcə olaraq, qarşısıalınmaz bir tükürpədici səsi gözləyirlər.

وَقَالُوا۟ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ ٱلْحِسَابِ ١٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onlar (istehza ilə): “Ey Rəbbimiz! Tez ol, bizim payımızı (əməl dəftərimizi, yaxud xeyirdən, şərdən payımıza nə düşəcəksə) haqq-hesab (qiyamət) günü gəlməmişdən əvvəl ver!” – dedilər.

AzərbaycancaAlıxan Musayev

Onlar istehza edərək: “Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!”– dedilər.

ٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱذْكُرْ عَبْدَنَا دَاوُۥدَ ذَا ٱلْأَيْدِ ۖ إِنَّهُۥٓ أَوَّابٌ ١٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Peyğəmbər!) Onların dediklərinə səbr et və qüvvətli bəndəmiz Davudu yadına sal! Çünki o, daim Allaha sığınan bir kimsə idi. (Davud böyük qüdrət, möhtəşəm səltənət sahibi olmasına baxmayaraq günaşırı oruc tutar, gecələri durub namaz qılar, dünya malına, naz-ne’mətinə aludə olmayıb yalnız Allah rizasını qazanmaq diləyərdi).

AzərbaycancaAlıxan Musayev

Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı.

إِنَّا سَخَّرْنَا ٱلْجِبَالَ مَعَهُۥ يُسَبِّحْنَ بِٱلْعَشِىِّ وَٱلْإِشْرَاقِ ١٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz dağları ona ram etmişdik. Onlar axşam-səhər onunla birlikdə (Allahı) təqdis edib şə’ninə tə’riflər deyərdilər.

AzərbaycancaAlıxan Musayev

Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.

وَٱلطَّيْرَ مَحْشُورَةً ۖ كُلٌّ لَّهُۥٓ أَوَّابٌ ١٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz quşları da toplu halda (onun ixtiyarına vermişdik), hamısı ona tərəf yönəlməkdə idi.

AzərbaycancaAlıxan Musayev

Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı.

وَشَدَدْنَا مُلْكَهُۥ وَءَاتَيْنَٰهُ ٱلْحِكْمَةَ وَفَصْلَ ٱلْخِطَابِ ٢٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı).

AzərbaycancaAlıxan Musayev

Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.

۞ وَهَلْ أَتَىٰكَ نَبَؤُا۟ ٱلْخَصْمِ إِذْ تَسَوَّرُوا۟ ٱلْمِحْرَابَ ٢١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) mə’bədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər.

AzərbaycancaAlıxan Musayev

Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər.

إِذْ دَخَلُوا۟ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنْهُمْ ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ فَٱحْكُم بَيْنَنَا بِٱلْحَقِّ وَلَا تُشْطِطْ وَٱهْدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ ٢٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: “Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!”

AzərbaycancaAlıxan Musayev

Onlar Davudun yanına daxil olduqda Davud onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!

إِنَّ هَٰذَآ أَخِى لَهُۥ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِىَ نَعْجَةٌ وَٰحِدَةٌ فَقَالَ أَكْفِلْنِيهَا وَعَزَّنِى فِى ٱلْخِطَابِ ٢٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Onlardan biri dedi:) “Bu mənim (din) qardaşımdır. Onun doxsan doqquz dişi qoyunu, mənim isə bircə dişi qoyunum vardır (yaxud onun doxsan doqquz zövcəsi, mənim isə bircə zövcəm var). Belə bir vəziyyətdə: “Onu mənə ver! (Məni ona sahib et!)” – dedi və (dildən pərgar olduğu üçün) mübahisədə məni məğlub etdi”.

AzərbaycancaAlıxan Musayev

Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə: “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”.

قَالَ لَقَدْ ظَلَمَكَ بِسُؤَالِ نَعْجَتِكَ إِلَىٰ نِعَاجِهِۦ ۖ وَإِنَّ كَثِيرًا مِّنَ ٱلْخُلَطَآءِ لَيَبْغِى بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَقَلِيلٌ مَّا هُمْ ۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّٰهُ فَٱسْتَغْفَرَ رَبَّهُۥ وَخَرَّ رَاكِعًا وَأَنَابَ ۩ ٢٤ ۩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Bu sözləri eşidən Davud o biri iddiaçı ağzını açmağa macal tapmamış) dedi: “O sənin bircə qoyununu öz qoyunlarına qatmaq istəməklə, şübhəsiz ki, sənə zülm etmişdir. Doğrudan da, şəriklərin çoxu bir-birinə haqsızlıq edər. Yalnız iman gətirib yaxşı işlər görənlərdən savayı! Onlar da (təəssüf ki) çox azdırlar!” (İddiaçılar bir-birinə baxıb güldükdən, yaxud çıxıb getdikdən sonra) Davud (bu işdən şübhəyə düşərək) Bizim onu imtahana çəkdiyimizi güman etdi. O dərhal Rəbbindən öz bağışlanmasını dilədi və dizi üstə düşüb səcdəyə qapanaraq tövbə etdi.

AzərbaycancaAlıxan Musayev

Davud dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” Bunları dedikdən sonra, Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi.

فَغَفَرْنَا لَهُۥ ذَٰلِكَ ۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍ ٢٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz bunu (o biri iddiaçını dinləməyərək onu zülmkar adlandırmasını və ya belə bir səhv zənnə düşməsini) ona bağışladıq. Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onu dünyada çoxlu ne’mət, axirətdə isə gözəl sığınacaq – Cənnət gözləyir).

AzərbaycancaAlıxan Musayev

Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.

يَٰدَاوُۥدُ إِنَّا جَعَلْنَٰكَ خَلِيفَةً فِى ٱلْأَرْضِ فَٱحْكُم بَيْنَ ٱلنَّاسِ بِٱلْحَقِّ وَلَا تَتَّبِعِ ٱلْهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌۢ بِمَا نَسُوا۟ يَوْمَ ٱلْحِسَابِ ٢٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Ya Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir!

AzərbaycancaAlıxan Musayev

Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları Hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.

وَمَا خَلَقْنَا ٱلسَّمَآءَ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا بَٰطِلًا ۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِنَ ٱلنَّارِ ٢٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz göyü, yeri və onların arasında olanları (bütün məxluqatı) boş-boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Vay cəhənnəm odunda yanacaq kafirlərin halına!

AzərbaycancaAlıxan Musayev

Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir. Vay o kafirlərin Oddakı halına!

أَمْ نَجْعَلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ كَٱلْمُفْسِدِينَ فِى ٱلْأَرْضِ أَمْ نَجْعَلُ ٱلْمُتَّقِينَ كَٱلْفُجَّارِ ٢٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Yoxsa Biz iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərlə eyni tutacağıq?! Yaxud Allahdan qorxub pis əməllərdən çəkinənləri günahkarlara tay edəcəyik?!

AzərbaycancaAlıxan Musayev

Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıqmı?

كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ مُبَٰرَكٌ لِّيَدَّبَّرُوٓا۟ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ ٢٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Peyğəmbər! Bu Qur’an) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!

AzərbaycancaAlıxan Musayev

Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.

وَوَهَبْنَا لِدَاوُۥدَ سُلَيْمَٰنَ ۚ نِعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌ ٣٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi).

AzərbaycancaAlıxan Musayev

Biz Davuda Süleymanı bəxş etdik. O necə də gözəl qul idi! Daima Allaha üz tutardı.

إِذْ عُرِضَ عَلَيْهِ بِٱلْعَشِىِّ ٱلصَّٰفِنَٰتُ ٱلْجِيَادُ ٣١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Bir gün) axşamüstü ona cins (bir ayağını dırnağı üstünə qoyub, üç ayağı üstündə duran), çapar atlar göstərildiyi zaman

AzərbaycancaAlıxan Musayev

Bir dəfə axşam çağı ona üç ayağı üstündə durub bir ayağının dırnağını yerə vuran, çapar atlar göstərildi.

فَقَالَ إِنِّىٓ أَحْبَبْتُ حُبَّ ٱلْخَيْرِ عَن ذِكْرِ رَبِّى حَتَّىٰ تَوَارَتْ بِٱلْحِجَابِ ٣٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O dedi: “Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən (Tövratdan) dolayı sevirəm (çünki Allahın dinini qüvvətləndirmək üçün bir cihad vasitəsi kimi onların tə’rifi Tövratda mövcuddur). Nəhayət, (o atlar Süleymanın gözündən) qeyb olub gizləndi. (Və ya: bu atlara olan məhəbbəti məni Rəbbimin zikrindən yayındırdı. O qədər onlara tamaşa etdim ki, ikindi namazı qıla bilmədim)”.

AzərbaycancaAlıxan Musayev

Süleyman dedi: “Mən, günəş üfüqdə batanadək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum – atlar məni əsr namazından yayındırdı”.

رُدُّوهَا عَلَىَّ ۖ فَطَفِقَ مَسْحًۢا بِٱلسُّوقِ وَٱلْأَعْنَاقِ ٣٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Süleyman dedi:) “Onları (atları) mənə qaytarın!” (Atlar qaytarılıb gətirildikdən sonra) onların qıçlarını və boyunlarını sığallamağa başladı. (Yaxud onu ibadətdən yayındırdıqları üçün onları qurban kəsib fəqir-füqəraya payladı).

AzərbaycancaAlıxan Musayev

Süleyman: “Onları yanıma qaytarın!”– dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı.

وَلَقَدْ فَتَنَّا سُلَيْمَٰنَ وَأَلْقَيْنَا عَلَىٰ كُرْسِيِّهِۦ جَسَدًا ثُمَّ أَنَابَ ٣٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

And olsun ki, Biz Süleymanı (etdiyi bir xəta üzündən) imtahana çəkdik. Taxtının üstünə (ruhsuz) bir cəsəd atdıq (və ya: taxtının üstünə bir cin oturtduq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə, öz taxtına) qayıtdı.

AzərbaycancaAlıxan Musayev

Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı.

قَالَ رَبِّ ٱغْفِرْ لِى وَهَبْ لِى مُلْكًا لَّا يَنۢبَغِى لِأَحَدٍ مِّنۢ بَعْدِىٓ ۖ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ ٣٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Süleyman dua edib) dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir mülk (səltənət) ver ki, məndən sonra (o cürəsinə) heç kəs nail ola bilməsin. Həqiqətən, Sən böyük ehsan (kərəm) sahibisən! (Allah Süleymanın duasını qəbul buyurdu. Ona həm peyğəmbərlik, həm də padşahlıq əta etdi).

AzərbaycancaAlıxan Musayev

O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən.

فَسَخَّرْنَا لَهُ ٱلرِّيحَ تَجْرِى بِأَمْرِهِۦ رُخَآءً حَيْثُ أَصَابَ ٣٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz küləyi ona ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.

AzərbaycancaAlıxan Musayev

Biz də, onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik.

وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٍ وَغَوَّاصٍ ٣٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Biz) şeytanlardan olan hər bir bənnanı və qəvvası,

AzərbaycancaAlıxan Musayev

Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları

وَءَاخَرِينَ مُقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ ٣٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Eləcə də başqalarını (digər şeytanları) zəncirlənmiş halda (onun ixtiyarına verdik)

AzərbaycancaAlıxan Musayev

və başqalarını da zəncirlənmiş halda ona tabe etdik

هَٰذَا عَطَآؤُنَا فَٱمْنُنْ أَوْ أَمْسِكْ بِغَيْرِ حِسَابٍ ٣٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Və ona belə buyurduq:) “Bu Bizim ehsanımızdır, (ondan kimə istəsən) ver, yaxud (saxlayıb) vermə! O, saysız-hesabsızdır (səndən bu ne’mətlər barəsində haqq-hesab tələb olunmayacaqdır)”.

AzərbaycancaAlıxan Musayev

və buyurduq: “Bu Bizim hədiyyəmizdir! Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”.

وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍ ٤٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Həqiqətən, o, (qiyamət günü) dərgahımıza yaxın olacaq və onun qayıdıb gələcəyi yer də gözəl olacaqdır (yaxud onun üçün dünyada çoxlu ne’mət, axirətdə isə gözəl sığınacaq – Cənnət vardır).

AzərbaycancaAlıxan Musayev

Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.

وَٱذْكُرْ عَبْدَنَآ أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُۥٓ أَنِّى مَسَّنِىَ ٱلشَّيْطَٰنُ بِنُصْبٍ وَعَذَابٍ ٤١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinə müraciətlə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

AzərbaycancaAlıxan Musayev

Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

ٱرْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌۢ بَارِدٌ وَشَرَابٌ ٤٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ona belə buyurduq:) “Ayağınla (yerə) vur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq və içiləcək sərin (sudur)!” (Əyyub o su ilə qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi).

AzərbaycancaAlıxan Musayev

Biz ona dedik: “Ayağını yerə vur! Budur yuyunmaq və içmək üçün sərin su!”

وَوَهَبْنَا لَهُۥٓ أَهْلَهُۥ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرَىٰ لِأُو۟لِى ٱلْأَلْبَٰبِ ٤٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Dərgahımızdan bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini və üstəlik bir o qədər də (oğul-uşaq) bağışladıq.

AzərbaycancaAlıxan Musayev

Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini yenidən və üstəlik bir o qədər də əlavə övlad bəxş etdik.

وَخُذْ بِيَدِكَ ضِغْثًا فَٱضْرِب بِّهِۦ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَٰهُ صَابِرًا ۚ نِّعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌ ٤٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Əyyub xəstə olduğu zaman övrəti bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəsasının yüngülləşdirilməsi üçün ona belə buyurduq:) “Əlinə (yüz yaş və ya quru çubuqdan ibarət) bir dəstə götür və onunla (övrətini) vur. Andını pozma. Biz onu (müsibətlərə) səbr edən gördük. Nə gözəl bəndə! O, (daim Allaha) sığınan bir kimsə idi.

AzərbaycancaAlıxan Musayev

Biz ona dedik: “Əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma”. Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.

وَٱذْكُرْ عِبَٰدَنَآ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ أُو۟لِى ٱلْأَيْدِى وَٱلْأَبْصَٰرِ ٤٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yə’qubu da yad et!

AzərbaycancaAlıxan Musayev

Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!

إِنَّآ أَخْلَصْنَٰهُم بِخَالِصَةٍ ذِكْرَى ٱلدَّارِ ٤٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik. (Onlar naz-ne’mətə, şan-şöhrətə uymayıb ömürlərini Allaha ibadət və itaət içində keçirdər, dünyalarından daha çox axirətləri haqında düşünərdilər).

AzərbaycancaAlıxan Musayev

Biz onları Axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik.

وَإِنَّهُمْ عِندَنَا لَمِنَ ٱلْمُصْطَفَيْنَ ٱلْأَخْيَارِ ٤٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!

AzərbaycancaAlıxan Musayev

Həqiqətən, onlar Bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər.

وَٱذْكُرْ إِسْمَٰعِيلَ وَٱلْيَسَعَ وَذَا ٱلْكِفْلِ ۖ وَكُلٌّ مِّنَ ٱلْأَخْيَارِ ٤٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Peyğəmbər!) İsmaili, (İlyasın əmisi oğlu) əl-Yəsə’i və Zül-Kifli də xatırla! Onların hamısı seçilmiş, ən yaxşı kimsələrdəndir!

AzərbaycancaAlıxan Musayev

İsmaili, əl-Yəsə'i və Zül-Kifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir.

هَٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَـَٔابٍ ٤٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu, (onları tə’riflə, minnətdarlıqla) yada salmaqdır (yaxud bu Qur’an sənin özün və ümmətin üçün bir öyüd-nəsihətdir). Allahdan qorxub pis əməllərdən çəkinənləri gözəl bir qayıdış yeri (Cənnət) gözləyir!

AzərbaycancaAlıxan Musayev

Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –

جَنَّٰتِ عَدْنٍ مُّفَتَّحَةً لَّهُمُ ٱلْأَبْوَٰبُ ٥٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Qapıları onlar üçün (taybatay) açılmış Ədn cənnətləri!

AzərbaycancaAlıxan Musayev

qapıları onlar üçün açılmış Ədn bağları.

مُتَّكِـِٔينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَٰكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ ٥١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onlar orada (taxtlara) söykənib cürbəcür meyvələr və içkilər (cənnət içkiləri) istəyəcəklər.

AzərbaycancaAlıxan Musayev

Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər.

۞ وَعِندَهُمْ قَٰصِرَٰتُ ٱلطَّرْفِ أَتْرَابٌ ٥٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onların yanında gözlərini (yalnız ərlərinə) dikmiş həmyaşıdlar (hamısı otuz üç yaşında zövcələr) olacaqdır.

AzərbaycancaAlıxan Musayev

Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır.

هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ ٱلْحِسَابِ ٥٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Haqq-hesab günü üçün (axirətdə) və’d olunduğunuz (ne’mətlər) bunlardır.

AzərbaycancaAlıxan Musayev

Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır.

إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ ٥٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu, əlbəttə, Bizim ruzimizdir. O bitməz-tükənməzdir.

AzərbaycancaAlıxan Musayev

Bəli, bu Bizim verdiyimiz nemətdir. O, tükənməzdir.

هَٰذَا ۚ وَإِنَّ لِلطَّٰغِينَ لَشَرَّ مَـَٔابٍ ٥٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu belə! Şübhəsiz ki, azğınları (Allaha asi olanları) da çox pis qayıdış yeri -

AzərbaycancaAlıxan Musayev

Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –

جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ ٱلْمِهَادُ ٥٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Cəhənnəm (gözləyir). Onlar ora vasil olacaqlar. O necə də pis bir məskəndir!

AzərbaycancaAlıxan Musayev

içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır!

هَٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ ٥٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

AzərbaycancaAlıxan Musayev

Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

وَءَاخَرُ مِن شَكْلِهِۦٓ أَزْوَٰجٌ ٥٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır.

AzərbaycancaAlıxan Musayev

Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır.

هَٰذَا فَوْجٌ مُّقْتَحِمٌ مَّعَكُمْ ۖ لَا مَرْحَبًۢا بِهِمْ ۚ إِنَّهُمْ صَالُوا۟ ٱلنَّارِ ٥٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Mələklər kafirlərin dünyadakı başçılarına onlara tabe olanları göstərib deyəcəklər:) “Bu sizinlə birlikdə (Cəhənnəmə) daxil olan dəstədir. (Başçılar deyəcəklər:) “Onlar rahatlıq üzü görməsinlər! (Onlara salam olmasın!) Onlar Cəhənnəmə daxil olanlardır!”

AzərbaycancaAlıxan Musayev

Kafirlərin başçılarına deyiləcək: “Bu sizinlə birlikdə Cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər: “Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar”.

قَالُوا۟ بَلْ أَنتُمْ لَا مَرْحَبًۢا بِكُمْ ۖ أَنتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ ٱلْقَرَارُ ٦٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Tabe olanlar da öz başçılarına) belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz! (Sizin özünüzə salam olmasın!) Bunu bizim üçün siz hazırladınız (bu əzaba, küfrə bizi siz uğratdınız). Bir baxın (bu Cəhənnəm) necə də pis məskəndir!

AzərbaycancaAlıxan Musayev

Tabe olanlar deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!”

قَالُوا۟ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِى ٱلنَّارِ ٦١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna (bu əzaba) bizi kim uğradıbsa, onun əzabını Cəhənnəmdə ikiqat elə!”

AzərbaycancaAlıxan Musayev

Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!”

وَقَالُوا۟ مَا لَنَا لَا نَرَىٰ رِجَالًا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلْأَشْرَارِ ٦٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Azğınlar, Allaha asi olanlar bir-birinə) deyəcəklər: “(Dünyada) pis adamlar saydığımız kəsləri (yoxsul mö’minləri) niyə burda görmürük?

AzərbaycancaAlıxan Musayev

Günahkarlar deyəcəklər: “Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük?

أَتَّخَذْنَٰهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ ٱلْأَبْصَٰرُ ٦٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar (burada olduqları halda) gözə dəymirlər?!”

AzərbaycancaAlıxan Musayev

Biz onları haqsızcasınamı məsxərəyə qoyurduq? Nə isə, onlar gözə dəymirlər?”

إِنَّ ذَٰلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ ٱلنَّارِ ٦٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Şübhəsiz ki, bu – cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi (çənə-boğaz olması) bir həqiqətdir!

AzərbaycancaAlıxan Musayev

Şübhəsiz ki, bu, od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.

قُلْ إِنَّمَآ أَنَا۠ مُنذِرٌ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ ٦٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Rəsulum!) De: “Mən yalnız (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbərəm. Bir olan, (hər şeyi) qəhr edən Allahdan başqa heç bir tanrı yoxdur!

AzərbaycancaAlıxan Musayev

De: “Mən yalnız xəbərdar edənəm. Tək olan, hər şeyə Qalib gələn Allahdan başqa məbud yoxdur”.

رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ٱلْعَزِيزُ ٱلْغَفَّٰرُ ٦٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir! O, yenilməz qüvvət sahibidir, çox bağışlayandır.

AzərbaycancaAlıxan Musayev

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.

قُلْ هُوَ نَبَؤٌا۟ عَظِيمٌ ٦٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

De: “O (Qur’an Allah dərgahından nazil olan) çox böyük xəbərdir!

AzərbaycancaAlıxan Musayev

De: “O, böyük xəbərdir.

أَنتُمْ عَنْهُ مُعْرِضُونَ ٦٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Siz isə ondan üz döndərirsiniz!

AzərbaycancaAlıxan Musayev

Siz isə ondan üz döndərirsiniz.

مَا كَانَ لِىَ مِنْ عِلْمٍۭ بِٱلْمَلَإِ ٱلْأَعْلَىٰٓ إِذْ يَخْتَصِمُونَ ٦٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi.

AzərbaycancaAlıxan Musayev

Ali toplum mübahisə apararkən mənim onlardan heç bir xəbərim yox idi.

إِن يُوحَىٰٓ إِلَىَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ ٧٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün bir vəhy olunur!”

AzərbaycancaAlıxan Musayev

Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur”.

إِذْ قَالَ رَبُّكَ لِلْمَلَٰٓئِكَةِ إِنِّى خَٰلِقٌۢ بَشَرًا مِّن طِينٍ ٧١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.

AzərbaycancaAlıxan Musayev

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam.

فَإِذَا سَوَّيْتُهُۥ وَنَفَخْتُ فِيهِ مِن رُّوحِى فَقَعُوا۟ لَهُۥ سَٰجِدِينَ ٧٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”

AzərbaycancaAlıxan Musayev

Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!”

فَسَجَدَ ٱلْمَلَٰٓئِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ ٧٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;

AzərbaycancaAlıxan Musayev

Mələklərin hamısı birlikdə səcdə etdi,

إِلَّآ إِبْلِيسَ ٱسْتَكْبَرَ وَكَانَ مِنَ ٱلْكَٰفِرِينَ ٧٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.

AzərbaycancaAlıxan Musayev

yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.

قَالَ يَٰٓإِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَىَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنتَ مِنَ ٱلْعَالِينَ ٧٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”

AzərbaycancaAlıxan Musayev

Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun?”

قَالَ أَنَا۠ خَيْرٌ مِّنْهُ ۖ خَلَقْتَنِى مِن نَّارٍ وَخَلَقْتَهُۥ مِن طِينٍ ٧٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”

AzərbaycancaAlıxan Musayev

İblis dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!”

قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ ٧٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!

AzərbaycancaAlıxan Musayev

Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan!

وَإِنَّ عَلَيْكَ لَعْنَتِىٓ إِلَىٰ يَوْمِ ٱلدِّينِ ٧٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Qiyamət gününə qədər Mənim lə’nətim sənin üstündən əskik olmasın!”

AzərbaycancaAlıxan Musayev

Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!”

قَالَ رَبِّ فَأَنظِرْنِىٓ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ٧٩

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”

AzərbaycancaAlıxan Musayev

İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”.

قَالَ فَإِنَّكَ مِنَ ٱلْمُنظَرِينَ ٨٠

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən,

AzərbaycancaAlıxan Musayev

Allah dedi: “Sən möhlət verilənlərdənsən –

إِلَىٰ يَوْمِ ٱلْوَقْتِ ٱلْمَعْلُومِ ٨١

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Dərgahımda) vaxtı mə’lum olan günə (qiyamətə) qədər!”

AzərbaycancaAlıxan Musayev

vaxtı məlum olan günə qədər!”

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ ٨٢

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(İblis) dedi: “Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;

AzərbaycancaAlıxan Musayev

İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam;

إِلَّا عِبَادَكَ مِنْهُمُ ٱلْمُخْلَصِينَ ٨٣

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Yalnız Sənin sadiq bəndələrindən başqa!

AzərbaycancaAlıxan Musayev

Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!”

قَالَ فَٱلْحَقُّ وَٱلْحَقَّ أَقُولُ ٨٤

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Allah) buyurdu, “Həqiqətən, doğru deyirəm,

AzərbaycancaAlıxan Musayev

Allah dedi: “Budur haqq! Mən yalnız haqqı deyirəm!

لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ ٨٥

AzərbaycancaMəmmədəliyev – Bünyadov

And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!”

AzərbaycancaAlıxan Musayev

Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!”

قُلْ مَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُتَكَلِّفِينَ ٨٦

AzərbaycancaMəmmədəliyev – Bünyadov

(Ya Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Qur’an mənim sözüm deyil, Allah kəlamıdır!)

AzərbaycancaAlıxan Musayev

De: “Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَٰلَمِينَ ٨٧

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Bu (Qur’an) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!

AzərbaycancaAlıxan Musayev

Bu Quran aləmlərə ancaq xatırlatmadır.

وَلَتَعْلَمُنَّ نَبَأَهُۥ بَعْدَ حِينٍۭ ٨٨

AzərbaycancaMəmmədəliyev – Bünyadov

Siz onun verdiyi xəbəri (Qur’anda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!”

AzərbaycancaAlıxan Musayev

Siz onun verdiyi xəbəri bir vaxtdan sonra mütləq biləcəksiniz!”

Görünüş

Oxu